DeepSeek-in təsisçisi dünyanın ən varlı süni intellekt modeli yaradıcısı oldu

DeepSeek-in təsisçisi dünyanın ən varlı süni intellekt modeli yaradıcısı oldu

Bəyəndim (1) Bəyənmədim (0)

Çinli sahibkar, DeepSeek çat-botunun təsisçisi Lyan Venfen (Liang Wenfeng) sərvətini iki dəfədən çox artıraraq, süni intellekt (Sİ) modelləri yaradanlar arasında dünyanın ən varlı insanı olub. Oxuməni. az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" reytinqində qeyd olunub.

Bloomberg Lyanın sərvətini 36 milyard dollar dəyərində qiymətləndirir; əvvəllər bu rəqəm təxminən 16,7 milyard dollar idi.

Agentlik qeyd edir ki, "bu, onu Anthropic PBC-nin həmtəsisçisi Dario Amodey və OpenAI-dan Qreq Brokmandan xeyli irəliyə çıxarır". Brokmanın sərvəti 25,5 milyard dollar, Amodeyinki isə 8 milyard dollardır.

İyun ayında Çinin süni intellekt startapı olan DeepSeek 7,4 milyard dollar investisiya cəlb edib. "The Wall Street Journal" və Bloomberg-in məlumatına görə, investorlar şirkəti 50 milyard dollardan çox qiymətləndiriblər ki, bu da onu ölkənin ən bahalı süni intellekt startapına çevirib. Lyan özü 3 milyard dollar investisiya yatırıb. "Bloomberg Billionaires Index"-in hesablamalarına görə, onun payı təxminən 78%-ə düşüb. Maliyyələşmə raunduna qədər o, DeepSeek səhmlərinin demək olar ki, 90%-nə sahib idi.

Lyan DeepSeek şirkətini 2023-cü ildə, iki keçmiş kurs yoldaşı ilə birlikdə yaratdığı "Zhejiang High-Flyer Asset Management" hedcinq fondunun süni intellekt bölməsini ayıraraq təsis edib. 2025-ci ilin əvvəlində DeepSeek öz çat-botunu buraxıb.

2025-ci ilin yazında Lyan Venfen "Forbes" jurnalının İT-milyarderlər reytinqinə daxil olub, "Time" jurnalı isə onu "Pionerlər" kateqoriyasında dünyanın ən nüfuzlu 100 insanı siyahısına daxil edib.

2026-cı ilin aprelində DeepSeek V4 nəslini təqdim edib.

DeepSeek kənar məlumat bazalarından istifadə etməkdə və OpenAI modelləri əsasında "distillə" (böyük və mürəkkəb modeldən biliklərin daha kiçik və sadə modelə ötürülməsi metodu) yolu ilə təlim keçməkdə ittiham olunub. Buna baxmayaraq, OpenAI-ın rəhbəri Sem Altman DeepSeek-ə qarşı iddialardan imtina edib.

Almaz Həsənli