Rusiya dizel yanacağının ixracını tamamilə qadağan edib

Rusiya dizel yanacağının ixracını tamamilə qadağan edib

Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya hakimiyyəti may ayının sonundan bəri ölkədə davam edən neft məhsulları böhranı fonunda iyulun 8-dən 31-dək dizel yanacağının ixracına qadağa qoyub. Oxuməni.az xəbər verir ki, Kremlin saytında dərc olunan stenoqrama əsasən, baş nazirin müavini Aleksandr Novak bu yeni tədbir barədə çərşənbə günü dövlət başçısı Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə məlumat verib. Həmin günün sonunda Nazirlər Kabinetinin mətbuat xidməti də qadağa ilə bağlı məlumat yayıb.

Hökumətin açıqlamasında qeyd olunur ki, benzin, dizel və digər yanacaq növlərinin ixracına məhdudiyyətlər ölkədə 2026-cı ilin yanvar ayının sonundan tətbiq edilsə də, bu, neft məhsulları istehsalçılarına şamil olunmurdu. İndi isə iyulun sonunadək dizel, həmçinin gəmi yanacağı və qazoylların ixracı istehsalçılar üçün də qadağan edilib.

Hökumətdən verilən açıqlamada deyilir: "Qərar daxili yanacaq bazarında sabit vəziyyəti qorumaq məqsədilə qəbul edilib. Bununla yanaşı, tətbiq edilən məhdudiyyətlər beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində Rusiyadan çıxarılan dizel yanacağına şamil olunmayacaq".

Novak, həmçinin bildirib ki, iyul ayında Rusiya neft məhsulları idxal etməyə başlayacaq. O, yanacağın haradan idxal olunacağını dəqiqləşdirməyib. Daha əvvəl "Reuters" agentliyi Rusiyanın ən böyük neft alıcısı olan Hindistanın yanacaq tədarükünə başladığını yazmışdı.

Novakın sözlərinə görə, əlavə istehsal həcmləri aşağı iqtisadi sinifli yanacaq istehsalı hesabına artırılır. Neft emalı zavodları keyfiyyətli "Avro-5" əvəzinə, tərkibində kükürdün miqdarı on dəfələrlə çox olan köhnəlmiş "Avro-3" standartına uyğun yanacaq istehsal etməyə başlayıblar.

Almaz Həsənli