ABŞ-da 100 ildə ilk dəfə dairəvi olmayan sikkə buraxılacaq

ABŞ-da 100 ildə ilk dəfə dairəvi olmayan sikkə buraxılacaq

Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Zərbxanası ölkənin müstəqilliyinin 250 illiyi şərəfinə Azadlıq Zəngi formasında kolleksiya sikkələri buraxacaq. Oxuməni.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Yarım unsiya ağırlığında olan "Azadlıq Zəngi" qızıl sikkəsi ABŞ-ın müasir tarixində ilk dairəvi olmayan sikkədir. Azadlıq Zəngi uzun müddət bir çox amerikalılar üçün azadlıq və bərabərlik simvolu olub, lakin heç bir simvol Birləşmiş Ştatların yaranmasına səbəb olan suverenlik uğrunda inqilabi mübarizə qədər əhəmiyyət kəsb etməyib", - məlumatda deyilir.

Sikkənin üz tərəfində "LIBERTY" (ingiliscədən tərcüməsi - "Azadlıq") və "IN GOD WE TRUST" (ingiliscədən tərcüməsi - "Allaha güvənirik", ABŞ-ın rəsmi şüarı) yazıları, həmçinin 1776-2026-cı illər tarixləri ilə Azadlıq Zəngi təsvir edilmişdir. Arxa tərəfində 1776-cı ildə ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edildiyi və Azadlıq Zənginin ilkin olaraq yerləşdiyi Filadelfiyadakı Müstəqillik Meydanındakı bina bayram atəşfəşanlığı fonunda təsvir edilmişdir.

Zəngin qulpu üzərində "UNITED STATES OF AMERICA" və "E PLURIBUS UNUM" yazıları həkk olunmuşdur. Həmçinin üzərində $250 nominal dəyəri, 1 OZ. çəkisi və .9999 FINE GOLD qızıl əyarı göstərilmişdir.

Sikkənin iyulun 16-da satışa çıxarılması gözlənilir.

"Azadlıq Zəngi" sikkəsindən başqa, ABŞ-ın müstəqilliyinin 250 illiyi şərəfinə daha bir xatirə sikkəsi - prezident Donald Trampın təsviri ilə buraxılacaq. Onun buraxılması hələ mart ayında Trampın özü tərəfindən təyin edilmiş Federal İncəsənət Komissiyası tərəfindən yekdilliklə təsdiqlənmişdi.

Sikkə 24 karat qızıldan zərb ediləcək və dövriyyə üçün nəzərdə tutulmayan kolleksiya seriyasının bir hissəsi olacaq. Dizayn Trampın Milli Portret Qalereyasındakı rəsmi portreti əsasında hazırlanmışdır: orada prezident masanın üzərinə əyilmiş və birbaşa kameraya baxan şəkildə təsvir edilmişdir.

Almaz Həsənli