Toyota bu maliyyə ilində xarici zavodlarda istehsalı 100 min avtomobil azaldacaq
Yapon avtomobil istehsalçısı Toyota Motor Corp. cari maliyyə ilində (2027-ci il mart ayında başa çatacaq) ölkə xaricində avtomobil istehsalını təxminən 100 min ədəd azaldacaq. Bu qərar, Hörmüz boğazının uzun müddət bağlı qalması səbəbindən tələbatın azalması ilə əlaqədardır. Oxuməni.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.
Nəşrin məlumatına görə, şirkət əsas komponent tədarükçülərini dəyişdirilmiş istehsal planları barədə məlumatlandırıb.
ABŞ və İsrailin İrana zərbələrindən sonra tankerlərin Hörmüz boğazından keçidinin dayandırılması səbəbindən yanacağın qiymətləri kəskin yüksəlib. Bu isə Çində, Yaxın Şərqdə və dünyanın digər bölgələrində avtomobil tələbatının azalmasına səbəb olub.
Bununla belə, Toyota ilin ikinci yarısında Yaponiyadakı müəssisələrində istehsalı may ayında açıqlanan ilkin planlarla müqayisədə 4,2 min avtomobil artırmağı planlaşdırır. Bu, xüsusilə RAV4 və Land Cruiser 250 SUV modellərinə aiddir.
May ayındakı proqnoza görə, Toyota 2027 maliyyə ilində gəlirlərini 0,6% artıraraq 51 trilyon yendən (320 milyard dollar) çox olacağını, lakin xalis mənfəətin 22% azalaraq 3 trilyon yendən (təxm.19 milyard dollar) çox olacağını gözləyir. Şirkət həmçinin təxminən 10 milyon avtomobil satmaq (1% artım) niyyətindədir.
Toyota-nın səhmlərinin qiymətləri çərşənbə günü ticarət sessiyasının sonunda 0,7% ucuzlaşıb. Avtomobil istehsalçısının kapitalizasiyası son üç ayda təxminən 20% düşüb, halbuki Nikkei 225 fond indeksi təxminən 29% yüksəlib.
Almaz Həsənli


























































































