Milyarder Castin San Tramp ailəsinin şirkətini hədə-qorxu ilə pul tələb etməkdə ittiham etdi
Milyarder və TRON kriptovalyuta layihəsinin qurucusu Castin San, ABŞ prezidenti Donald Trampın ailəsinə məxsus World Liberty Financial şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “BBC News” məlumat verib.
Kriptovalyuta buraxılışı ilə məşğul olan World Liberty şirkətini San, hədə-qorxu ilə pul tələb etməkdə və buraxdığı WLFI tokenlərini ələ keçirmək üçün "qanunsuz sxem" həyata keçirməkdə ittiham edib.
Sanın iddiasına görə, World Liberty (onun həmtəsisçiləri Trampın özü və oğlu Erikdir) ona məxsus bütün tokenləri "dondurub" və şirkətin idarə olunması ilə bağlı məsələlərdə səsvermə hüququndan məhrum edib.
World Liberty bu ittihamları rədd edərək bildirib ki, San "özünü qurban kimi göstərməyə çalışır və özünün qeyri-qanuni hərəkətlərini gizlətmək üçün əsassız iddialar irəli sürür".
San, Trampın və onun kriptovalyutalarla bağlı siyasətinin tərəfdarı kimi tanınır. Lakin o, World Liberty Financial ilə əlaqəli "bəzi şəxsləri" ABŞ prezidentinin dəyərlərinə zidd hərəkətlərdə ittiham edib.
"Onlar əsassız olaraq bütün tokenlərimi dondurdular, idarəetmə təklifləri ilə bağlı səsvermə hüququmu əlimdən aldılar və heç bir qanuni əsas olmadan tokenlərimi "yandıraraq" geri qaytarılmayacaq şəkildə məhv etməklə hədələdilər", - deyə San sosial şəbəkələrdə bildirib.
San, TRON kriptovalyuta layihəsinin qurucusu kimi tanınır (bu layihə World Liberty Financial-ın fəaliyyəti ilə əlaqəli deyil). Biznesmen ilkin olaraq WLFI-yə 45 milyon dollar sərmayə qoyub və aldığı tokenlərin dəyərinin 1 milyard dollardan çox olduğunu bildirib.
Lakin ötən ilin sentyabr ayından etibarən WLFI tokeninin dəyəri 31 sentdən 8 sentdən aşağı düşüb.
San, World Liberty-də iştirakını kriptovalyuta layihələrinə olan uzunmüddətli dəstəyi və bu şirkətin Donald Trampın ailəsinə məxsus olması ilə izah edib.
Almaz Həsənli















.jpg)



















.jpg)


















































