Çin avtomobil nəhəngi BYD Formula -1-ə daxil olma imkanını nəzərdən keçirir
Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çin şirkəti BYD, Formula 1 və dözümlülük yarışları da daxil olmaqla, böyük avtomobil idmanına daxil olma imkanlarını araşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, mümkün ssenarilər arasında öz komandasını yaratmaq və ya mövcud komandanı almaq var. BYD üçün potensial maneə "Kral yarışları"nda iştirakın dəyəri ola bilər. Yarış avtomobilinin hazırlanması və starta çıxarılması illərlə davam edən danışıqlar tələb edir və mövsüm üçün 500 milyon dollara qədər başa gələ bilər.
BYD daxil olarsa, Avropa və Amerika komandalarının üstünlük təşkil etdiyi idman növündə Çin istehsalçısının birbaşa iştirakının nadir nümunəsi olacaq. Daha əvvəl digər Çin şirkətləri də avtomobil idmanına maraq göstərmişdilər: Geely Cyan Racing vasitəsilə beynəlxalq turinq yarışlarında uğurla iştirak edir, Nio isə 2015-ci ildə Formula E-nin debüt mövsümündə titul qazanmışdı.
BYD-nin yekun qərarı hələ qəbul edilməyib və şirkət istənilən yarış seriyasına daxil olmaqdan imtina edə bilər. BYD nümayəndəsi “Bloomberg”-in şərh sorğusuna cavab verməyib.
Çin nəhənginin avtomobil idmanına marağı, 2024-cü ildə Şanxay mərhələsinin qayıtması və ilk Çin pilotu Quanyu Çjounun peyda olmasından sonra Çində Formula 1-in populyarlığının artması ilə üst-üstə düşür. FIA rəhbəri Məhəmməd Ben Sulayem daha əvvəl bildirmişdi ki, Çin istehsalçısının peyda olması "Cadillac"ın gəlişindən sonra seriya üçün məntiqi növbəti addım olardı.
Almaz Həsənli

























































































