SOCAR Kot-d'İvuarın şelfindəki layihədə 10% pay almaq üçün İtaliyanın Eni şirkəti ilə saziş imzalayıb

SOCAR Kot-d'İvuarın şelfindəki layihədə 10% pay almaq üçün İtaliyanın Eni şirkəti ilə saziş imzalayıb

Bəyəndim (2) Bəyənmədim (0)


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün İtaliyanın Eni S.p.A. şirkəti ilə Kot-d'İvuarın şelfində yerləşən “Baleine” neft və qaz yatağının işlənməsi layihəsində 10% payın alınması barədə saziş imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında deyilir.
"Saziş SOCAR-ın prezidenti Rövşən Nəcəf və Eni S.p.A.-nın baş icraçı direktoru Klaudio Deskalçi tərəfindən 2026-cı il Ümumdünya İqtisadi Forumunun illik iclası çərçivəsində imzalanıb", - deyə məlumatda bildirilir.
Sazişin həyata keçirilməsi və əməliyyatın tamamlanması tənzimləyici orqanların zəruri icazələrinin alınmasından və digər standart şərtlərin yerinə yetirilməsindən asılıdır.
"Saziş SOCAR-ın qlobal genişlənmə strategiyasına tam uyğundur və şirkətə Afrika qitəsinin zəngin neft və qaz ehtiyatlarına çıxış imkanı verir. Sənəd həmçinin SOCAR və Eni arasında enerji sektorunun müxtəlif seqmentlərində aparılan daha geniş strateji əməkdaşlığın bir hissəsidir", - deyə Dövlət Neft Şirkəti qeyd edir.
“Baleine” son illərdə Qərbi Afrikada kəşf edilmiş ən böyük neft və qaz yataqlarından biri hesab olunur. O, 2021-ci ildə kəşf edilmiş, sənaye hasilatına isə 2023-cü ildə başlanmışdır.
Hazırda yatağın birinci və ikinci fazaları çərçivəsində gündəlik 62 min bareldən çox neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. Üçüncü fazanın başlamasından sonra sutkalıq hasilatın 150 min barel neft və təxminən 5,7 milyon kubmetr qaz səviyyəsində planlaşdırılır.
“Baleine” layihəsi ölkədə dəniz yataqlarının işlənməsi sahəsində əsas layihədir. Onun səhmdarları “Eni” (%47,25), İsveçrə-Hollandiya “Vitol” (%30) və Kot-d'İvuarın “Petroci” şirkətidir (%22,75).
Almaz Həsənli