Çin dünyanın ilk hibrid AES-ini tikir
Çinin şərqində, Szyansu əyalətinin Lianyünqan şəhərində "Süyvey" atom elektrik stansiyasının tikintisinə başlanılıb. Bu barədə "Global Times" məlumat yayıb. Layihə neft-kimya klasterinin yaxınlığında həyata keçirilir və bu klasterə saatda təxminən 13 min ton buxar lazımdır.
İlk betonun tökülməsinə yanvarın 16-da start verilib. Stansiya Çinin sosial-iqtisadi inkişafının 15-ci beşilliyi çərçivəsində başladılan ilk atom layihəsi olub.
"Süyvey" dünyanın ilk AES-i olacaq ki, o, təzyiq altında olan su reaktoru ilə yüksək temperaturlu qazla soyudulan reaktoru birləşdirəcək. Layihədə üçüncü nəsil “Hualong One” reaktoru və dördüncü nəsil qazla soyudulan reaktor istifadə olunur.
“Hualong One”-dan gələn əsas buxar demineralizə edilmiş suyun qızdırılması üçün istifadə ediləcək. Sonra doymuş buxar sənaye ehtiyacları üçün qazla soyudulan reaktor vasitəsilə əlavə qızdırılacaq.
Tikintinin ilk mərhələsi iki “Hualong One” enerji bloku və bir yüksək temperaturlu qazla soyudulan reaktor qurğusunu nəzərdə tutur. İstifadəyə verildikdən sonra stansiya ildə 32,5 milyon ton sənaye buxarı tədarük edə biləcək.
Yüksək gücdə elektrik enerjisi istehsalı ildə 11,5 milyard kilovat-saatdan çox olacaq. Layihə 7,26 milyon ton standart kömür istehlakını azaltmağa və ildə 19,6 milyon ton karbon qazı emissiyasını azaltmağa imkan verəcək.
Tikintidə lazerli intellektual izləmə və qoruyucu qaz mühitində avtomatik qaynaq texnologiyalarından istifadə olunur.
Çinin Milli Nüvə Korporasiyasından bildirilib ki, layihə ölkənin atom enerjisi inkişaf modelinin dəyişdiyini əks etdirir. Sənaye yalnız elektrik enerjisi istehsalından sənayenin kompleks enerji təchizatına keçir.
Çin Atom Enerjisi Assosiasiyasının məlumatına görə, ÇXR atom enerji bloklarının ümumi gücünə görə dünyada birinci yerdədir. Ölkədə 102 fəaliyyətdə olan, tikilən və tikintisinə icazə verilmiş enerji bloku var.
2024-cü ildə Çinin atom enerjisi istehsalı 444,7 milyard kilovat-saata çataraq dünyada ikinci yeri tutub. Çin dünyanın ən böyük elektrik enerjisi istehsalçısı və istehlakçısı olaraq qalır.
Almaz Həsənli





















































































.jpg)


