Rusiya Urals neftinin qiyməti 34 dollara düşüb

Rusiya Urals neftinin qiyməti 34 dollara düşüb

Bəyəndim (2) Bəyənmədim (0)


Rusiya Federasiyasının Urals neftinin qiyməti təxminən barel başına 34 dollara düşüb. Bu, ABŞ-ın ölkənin bu sektorundakı ən böyük şirkətləri olan "Rosneft" və "Lukoyl"a qarşı tətbiq etdiyi sanksiyalar fonunda baş verib. Bu barədə məlumatı "Bloomberg" agentliyi bazar ertəsi "Argus Media" şirkətinin müvafiq məlumatlarına istinadən yayıb.
Dekabrın 19-da Baltik dənizi limanlarından çatdırılma ilə Urals neftinin bir barelini 34,82 dollara, Qara dəniz limanlarından isə 33,17 dollara almaq mümkün idi. Müqayisə üçün, həmin gün Brent markalı neftin qiyməti 61 dollar təşkil edirdi. "Bloomberg"in qeyd etdiyi kimi, il ərzində Brent neftinin qiyməti Urals neftinin qiymətindən xeyli az düşüb ki, bu da sanksiyaların təsirini göstərir.
"Argus"un məlumatına görə, hazırda Rusiyadan göndərilən Urals neftinə endirimlər orta hesabla barel başına təxminən 27 dollar təşkil edir. Neft Hindistana çatdıqdan sonra endirim təxminən 7,5 dollara qədər azalır. Eyni zamanda, "Bloomberg" yazır ki, Rusiya yanacağının kifayət qədər aşağı qiymətləri neft emalı zavodlarının (NEZ) sanksiyaları nəzərə almadan onu almağa səbəb olur.
Dekabrın 16-da "Bloomberg" "Argus Media"nın məlumatlarına istinadən yazırdı ki, hazırda Rusiya ixracatçıları Baltik, Qara və Yapon dənizi limanlarından göndərilən neft üçün orta hesabla barel başına 40 dollardan bir qədər çox pul alırlar. Həmin vaxt agentlik artıq qeyd edirdi ki, "Rusiya neftinin qiymətləri Ukraynadakı müharibənin başlanğıcından bəri ən aşağı səviyyədədir".
Almaz Həsənli