Yaponiya elektrik avtomobillərinə yeni vergi tətbiq etməyi planlaşdırır

Yaponiya elektrik avtomobillərinə yeni vergi tətbiq etməyi planlaşdırır

Bəyəndim (3) Bəyənmədim (0)


Yaponiya hökuməti elektrik avtomobillərinə yeni vergi tətbiq edilməsini fəal şəkildə müzakirə edir. Bu vergi birbaşa avtomobilin çəkisindən asılı olacaq.
Oxuməni.az xəbər verir ki, “ITHome” portalının yazdığına görə, 2028-ci ilə qədər yeni verginin mövcud rüsumlara əlavə edilməsi nəzərdə tutulur.
Yaponiya Maliyyə Nazirliyinin təklif etdiyi təşəbbüs, benzinlə işləyən avtomobil sahibləri arasında artan narazılığa cavab olaraq ortaya çıxıb. Onlar elektrik avtomobil sahiblərinin yanacaq vergisinə cəlb olunmamasından narahatdırlar. Əlavə arqument kimi, böyük batareyalara malik ağır elektrik avtomobillərinin yol örtüyünü daha tez aşındırması faktı göstərilir.
Nazirlik iddia edir ki, yeni vergi yol təmirinin maliyyələşdirilməsi üçün vəsait cəlb etməyə kömək edəcək. Layihəyə əsasən, illik dərəcələr fərqləndiriləcək.
Yüngül elektrik avtomobilləri üçün rüsumun məbləği 3,6 min yen (təxminən 39.37 manat), 2 tondan yüngül avtomobillər üçün 6,5 min yen (təxminən 71 manat), 2-2,5 ton çəkisi olan nəqliyyat vasitələri üçün 20 min yen (təxminən 219 manat), 2,5 tondan ağır avtomobillər üçün isə 24 min yen (təxminən 263 manat) təşkil edəcək.
Dəyişikliklərin 2026-cı maliyyə ili üçün vergi islahatı proqramına daxil edilməsi planlaşdırılır. Lakin avtomobil sənayesi, müstəqil ekspertlər və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi elektrik avtomobillərinin populyarlığının azalmasından narahat olaraq təşəbbüsə qarşı çıxırlar.
Hazırda ölkədə elektrik avtomobilləri üçün əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Ekologiya göstəricilərinə görə vergidən azad olunma 31 mart 2026-cı il tarixinədək uzadılıb. "Yaşıl" təşəbbüslər çərçivəsində avtomobil yığımı və minik avtomobillərinin alınması vergiləri azaldılıb. Gələn il yeni elektrik avtomobilləri üçün vergi dərəcəsi 75 faiz endiriləcək. Bundan əlavə, ilk və ikinci texniki baxış zamanı elektrik avtomobilləri üçün avtomobilin çəkisinə görə vergi ləğv edən ekoloji vergi güzəştləri sistemi fəaliyyət göstərir. Bu rejim 30 aprel 2026-cı il tarixinədək qüvvədədir.
Almaz Həsənli