Trampın idxal rüsumları səbəbindən “Mercedes-Benz”-in mənfəəti 31% azalıb

Trampın idxal rüsumları səbəbindən “Mercedes-Benz”-in mənfəəti 31% azalıb

Bəyəndim (1) Bəyənmədim (0)


Alman avtomobil istehsalçısının maliyyə hesabatına görə, “Mercedes-Benz Group”nun üçüncü rübdə xalis mənfəəti 1,19 milyard avro təşkil edib. Bu, ötən ilki göstəricidən 31% aşağıdır. Avtomobil istehsalçısı özü qeyd edir ki, mənfəətin azalması əsasən satışların azalması və Donald Tramp administrasiyası tərəfindən onlarla ölkəyə tətbiq edilən idxal tariflərinin mənfi təsiri ilə bağlıdır.
Bundan əlavə, şirkət Almaniyadakı işçilərinə işdənçıxarma müavinətlərinə və xaricdə istehsalın optimallaşdırılmasına yüz milyonlarla avro xərcləməli olub. Mercedes-Benz üçüncü rübdə bu xərclərə ümumilikdə 876 milyon avro xərcləyib.
Qrupun rüblük gəliri ötən ilki 34,53 milyard avrodan bu il 32,14 milyard avroya düşüb. Şirkət qeyd edir ki, ən böyük avtomobil bazarları - ABŞ, Çin və Avropa - bu il ötən illə müqayisədə çox az artım göstərir. Şirkətin ABŞ-dakı satışlarına əlavə idxal rüsumları mənfi təsir göstərir, Çində isə zəif istehlakçı fəaliyyəti və yerli istehsalçıların yüksək rəqabəti satışlara təsir göstərir.
Almaz Həsənli