
ABŞ-ın dövlət borcu 37 trilyon dolları keçib
ABŞ-ın ümumi dövlət borcu 37 trilyon dolları keçib. Bu, ölkə tarixində rekord göstəricidir.
“NBC News” xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin çərşənbə axşamı dərc olunmuş hesabatında yer alıb. Qeyd olunur ki, onlar “borc yükünün sürətlənmiş artımını və vergi ödəyicilərinə artan maliyyə təzyiqini əks etdirir”.
Konqresin Büdcə Ofisinin 2020-ci ilin yanvarında verdiyi proqnozlara görə, 37 trilyon dollar həddi 2030-cu maliyyə ilindən sonra əldə edilməli idi. Bununla belə, borc artımı 2020-ci ildə, prezidentlər Donald Tramp və Co Baydenin rəhbərlik etdiyi federal hökumətin iqtisadiyyatı sabitləşdirmək və bərpanı dəstəkləmək üçün aktiv şəkildə borc götürdüyü zaman başlayan COVID-19 pandemiyası səbəbindən sürətləndi.
Borc artımının əlavə sürətlənməsi Trampın vergilərin azaldılması və dövlət xərclərinin artırılması haqqında qanunu imzalamasından sonra təsdiqlənən yeni xərclərlə bağlıdır. Konqresin Büdcə Ofisi hesab edir ki, paket növbəti on il ərzində dövlət borcuna 4,1 trilyon dollar əlavə edəcək.
“Pew Research Center” Araşdırma Mərkəzinin məlumatına görə, dövlət borcu bütün ABŞ iqtisadiyyatından böyükdür: 2025-ci ilin ikinci rübünün sonunda ölkənin ÜDM-i 30,3 trilyon dollar, dövlət borcu isə 36,2 trilyon dollar təşkil edib.
Borca xidmət federal büdcənin ən böyük maddələrindən birinə çevrilib: illik borcun həcmi 1 trilyon dolları keçən faiz ödənişləri müdafiə və səhiyyə xərclərini üstələyir.
Almaz Həsənli