SOCAR şirkəti İsrailin Tamar qaz yatağındakı payı alıb

SOCAR şirkəti İsrailin Tamar qaz yatağındakı payı alıb

2 İyul 13:23
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycanın dövlət neft şirkəti SOCAR İsrailin əsas enerji aktivlərindən biri olan Tamar qaz yatağında 10% payın alınması ilə bağlı sövdələşməni başa çatdırıb. Bu barədə Oxuməni.az “Mignews.com”a istinadla xəbər verir.

Müqavilə 1,25 milyard dollar dəyərində qiymətləndirilir və həm kommersiya, həm də geosiyasi baxımdan əhəmiyyətli sazişi təmsil edir.

“Globes”-un dərc etdiyi məlumata görə, SOCAR israilli iş adamı Aaron Frenkelin nəzarətində olan “Union Energy” şirkətinin 48,3%-ni alıb. Bu iştirak vasitəsilə SOCAR indi Tamarda dolayı paya sahibdir. Bundan əlavə, SOCAR “Tamar Petroleum”-un təxminən 17,9%-ni alıb ki, bu da şirkətə layihədə 10% pay verir.

Razılaşma İsrailin Neft Şurası və Antiinhisar İdarəsi tərəfindən təsdiqlənib. SOCAR-dan başqa, bu sahədə tərəfdaşlar arasında Amerikanın enerji nəhəngi “Chevron” (25%), Abu Dabi dövlət fondu “Mubadala” (11%), həmçinin “İsramco”, “Dor Gas” və “Tamar Petroleum” var.

Hayfadan 90 km qərbdə yerləşən Tamar qaz yatağı 2009-cu ildə kəşf edilib və hasilata 2013-cü ildə başlanılıb. Hazırkı hesablamalara görə, onun ehtiyatları təqribən 291,5 milyard kubmetr qaz, illik hasilatı isə 10,3 milyard kubmetr təşkil edir.

SOCAR və “Union Energy” arasında əldə olunan razılaşma həm də Azərbaycan və İsrail arasında enerji və siyasi əlaqələrin gücləndirilməsi kimi qiymətləndirilir.

Almaz Həsənli