
Azərbaycandan 1600 inşaatçı İsrailə işləməyə gedəcək
Azərbaycanın “Akkord” korporasiyası İsrailin Mənzil İnşaatı Nazirliyinin elan etdiyi müsabiqənin qalibi olub və tezliklə yəhudi dövlətində böyük tikinti layihəsinin icrasına başlayacaq. Bu barədə “Ynet” saytı məlumat yayıb.
Saytın məlumatına görə, layihədə iştirak etmək üçün Azərbaycandan İsrailə 1600 mühəndis və inşaat işçisi gedəcək.
Bu, iki ölkə arasında sıx iqtisadi əməkdaşlığın yeganə nümunəsi deyil. Belə ki, mart ayında Azərbaycanın enerji şirkəti SOCAR və “British Petroleum” İsrailin sahil sularında qaz axtarışı üçün lisenziya alıb. Azərbaycan Milli Neft Şirkəti əvvəllər “Tamar” qaz yatağının 10%-ni alıb (sövdələşmənin dəyəri 900 milyon dollar qiymətləndirilir).
İsrail mediası onu da qeyd edir ki, Tramp administrasiyası indi Azərbaycanın “İbrahim sazişləri”ni imzalayan ölkələrə qoşulması üçün böyük səylər göstərir. İddia olunur ki, bu məsələ ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun bu yaxınlarda Bakıya səfərində müzakirə mövzusu olub.
Almaz Həsənli