
ETSN: Payız daşqınları, yağışları dövrü başlaryır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son günlər yağan yağıntılarla əlaqədar ölçmələrə başlayıb. Bu barədə APA-ya ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ölkə ərazisində daha çox yağntı Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinə düşüb. Bunun nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsi kəskin artıb, eyni zamanda Balakən-Şəki, Oğuz-Qəbələ ərazisindən axan çaylarda qısamüddətli daşqınlar və sel qeydə alınıb: "Artıq payız daşqınları, yağışlar dövrü başlayır. Belə yağışlar mövsüm üçün xarakterikdir. Daşqınların maksimal həcminin təyin olunması üçün ölçü işləri aparırıq. Əsasən Kişçay, Gümrükçay, Şinçay, Qumçay, Tikanlıçay, Dəmiraparançay, Göyçay, Türyançay, Girdmançay, Ağsuçayda qısamüddətli daşqın və sel müşahidə olunub. Həmin çaylarda ölçü işləri aparıb maksimal su sərflərini müəyyən edəcəyik. İlk olaraq Qax və Şəki ərazisində ölçmə işləri aparılacaq. Ölçmə işləri daha sonra Qəbələ, İsmayılı, Şamaxının dağ çaylarında davam etdiriləcək".
A. Verdiyev deyib ki, yaxın günlər ərzində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq: "Ötən günlərdə çaylarda müşahidə olunan yüksək sululuq tədricən azalacaq. Kür çayının səviyyəsində də son günlər ərzində Böyük Qafqazın cənub yamacından axan çaylardan keçən qısamüddətli daşqınlar nəticəsində artım müşahidə olunmuşdu. Amma hazırda Kür çayı üçün sabit səviyyələr müşahidə olunur və hər hansı təhlükə yoxdur".
O.M.