Azərbaycanın iqtisadi inkişaf naziri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

29 Avqust 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha ilə görüşüb.

Nazirlikdən Apa-ya verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb: "Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənib, iki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki ilə müqayisədə 72,5%, bu ilin yanvar-iyul ayları ərzində isə 25% artıb".

Ş.Mustafayev digər sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edib, mövcud potensialdan istifadə etməklə iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırıb.
Öz növbəsində səfir Li Ci Ha Koreyada Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu, Koreya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüşün sonunda "Azərbaycan və Koreya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sənədi Ş.Mustafayev və səfir Li Ci Ha imzalayıblar.

Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında hökumətlərarası komissiyanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

O.M.