Bakının mərkəzində yerləşən «City Mart» ticarət mərkəzində ciddi qanun pozuntuları aşkar edildi

Bakının mərkəzində yerləşən «City Mart» ticarət mərkəzində ciddi qanun pozuntuları aşkar edildi

23 Avqust 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) verilən məlumata görə, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Vini İnterneyşnl" MMC-də (Bakı şəhəri, S.Vurğun küçəsi 19) aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və sertifikatsız məhsulların satışını qadağan edən tələbnamələr verilib. Belə ki, "Vini İnterneyşnl" MMC-yə məxsus "City Mart" ticarət şəbəkələrindən müxtəlif yarımfabrikat məhsullar seçilərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Aparılan sınaqların nəticələrinə əsasən yoxlanılmış məhsullardan "Al Kabeer" və "Topioca" nişanlı yarımfabrikatlar "mezofil aerob" və "fakultativ-anaerob" mikroorqanizimlərin miqdarına görə normativ sənədin tələblərinə cavab verməyib. "City Mart" mağazasında aparılan yoxlama zamanı yararlılıq müddəti bitmiş bir sıra süd məhsulları aşkar edilərək aktlaşdırılıb. Həmçinin müxtəlif xarici ölkələrin istehsalı olan, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edən uyğunluq və gigiyenik sertifikatları olmadan satılan müxtəlif çeşiddə balıq konservləri, ət və ət məhsulları, müxtəlif nişanlı yarımfabrikatlar, kərə yağları, müxtəlif souslar, süd məhsulları, konservləşdirilib və qurudulmuş göbələklər, qənnadı məmulatları və sair ərzaq məhsulları aşkarlanıb.

Araşdırma zamanı ticarət şəbəkəsində qablaşdırılan müxtəlif çeşiddə məhsulların saxlanma müddəti, istehsal tarixi və çəkisi haqqında məlumatlar istehlakçılara düzgün çatdırılmadığı da müəyyən edilib. Belə ki, qablaşdırılmış "American Fresh" nişanlı göbələyin çəkisi etiketdə 1 kq göstərildiyi halda faktiki çəkisinin 100 qr olduğu müəyyən olunub. Satılan bir qisim məhsulların üzərində markalanma "Dövlət dili haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlarına zidd olaraq aparılıb. Belə ki, dövlət dilində üzərində heç bir məlumat olmadığından məhsulların mənşəyi, tərkibi, saxlanma müddəti və s. haqqında istehlakçıların məlumat almaq hüquqları pozulub.
Müəssisənin anbarında aparılan yoxlama zamanı anbarda mal qonşuluğunun pozulduğu və ərzaq məhsullarının saxlanma rejiminə riayət olunmadığı aşkarlanıb. Belə ki, ərzaq məhsulları kosmetik və yuyucu vasitələrlə eyni yerdə saxlanılıb. Anbarın soyuducusunda mənşə sənədləri, uyğunluq və gigiyenik sertifikatları olmayan ət və ət məhsulları, balıqlar, hind toyuğu aşkar edilib.

O.M.