Rusların qonşu ölkələrə axını: “Azərbaycanın mənzil bazarı...” – Nüsrət İbrahimov

Rusların qonşu ölkələrə axını: “Azərbaycanın mənzil bazarı...” – Nüsrət İbrahimov

30 Sentyabr 11:34
278
Bəyəndim (0) Bəyənmədim (0)

Məlum olduğu kimi, qismən səfərbərlik elan ediləndən sonra Rusiyadan qonşu ölkələrə kütləvi axın başlayıb.

Rusların gedə bildiyi ölkələr sırasında Türkiyə ilk yerlərdə dayanır. Artıq bu miqrasiya Türkiyənin mənzil bazarında özünü büruzə verib. Rəsmi məlumatlara görə, daşınmaz əmlak sektoruna rusların marağı son bir həftədə 40 faiz artıb.

Maraqlıdır, rusiyalı miqrantlar Azərbaycanın daşınmaz əmlak sektorunda canlanma yarada bilərmi?

Oxuməni.az-ın verdiyi xəbərə görə, “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov Teleqraf.com-a bildirib ki, Rusiyadan Azərbaycana üz tutan azərbaycanlıların və qeyri-rezidentlərin daşınmaz əmlak bazarına təsirini hiss edilmir.

O, səbəbi quru sərhədlərinin bağlı olması ilə əlaqələndirib: “Azərbaycana yalnız təyyarə ilə gəlmək mümkünüdür. Hava yolu nəqliyyatı ilə də bir o qədər axın olmur. Yəni burada kütləvilik yoxdur. Bunun üçün də daşınmaz əmlak bazarına hələ qiymət təzyiqini hiss etmirik. Əgər yaxın günlərdə və ya aylarda təzyiq artarsa, bu aktivlik hiss olunar. Bu yöndə qiymət artımından danışmaq hələ tezdir”.

Hazırda ölkəmizdə daşınmaz əmlak sektorundakı vəziyyəti şərh edən analitik deyir ki, uzunmüddətli prespektivdə müqayisə edəndə artım var: “Ötən illə müqayisədə bu gün daşınmaz əmlak sektorunda təxminən 6% artım var. Amma aylarla nəzər salanda artım o qədər də hiss olunmur. Çünki bir ay 1,5% və ya 2,5%-ə qədər artım olur, digər aylarda azalma qeydə alınır. Ona görə də ay ərzində hələlik ciddi dəyişiklik müşahidə edilmir.

Adətən payız aylarında bazarda artım qaçılmaz olur. Çünki insanlar məzuniyyətdən qayıtmış olurlar, öz problemlərini həll edəndən sonra bazara üz tuturlar. Yəqin ki, bu, sektora öz təsirini göstərər.

Digər tərəfdən, bazarda stabilliyi yaradan faktorlar da var. Məlumdur ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu günlərdə “Yeni Yasamal 2” layihəsinin satışını elan etdi. Hərracda iştirak edən 500-dən çox vətəndaş mənzil sahibi oldu. Bu da bazara müəyyən qədər stabilləşdirici faktor kimi təsir edir. Güman etmirəm ki, Azərbaycanda yaxın aylarda nəzərəçarpan artım ola bilər. Amma kiçik də olsa, artım təbii ki, qaçılmazdır”.

Nüsrət İbrahimov onu da vurğulayıb ki, kirayə mənzil sektordakı aktivliyi tələbə kontingentinin tələbi təşkil edir: “Avqust ayının nəticələrini təhlil etsək, sentyabrın 1-nə kirayə mənzil bazarında 6%-ə yaxın qiymət artımı olub. Məlumdur ki, hər il avqust ayının üçüncü dekadasında ali məktəblərə qəbul imtahanının nəticələri elan olunandan sonra şəhərə tələbə axını başlayır. Xüsusən də kirayə mənzil bazarında qiymətlərin artımı qaçılmaz olur. Hələ ki, bazarda stabillikdir. Bu stabillik də kirayə mənzil bazarında təklifin yox səviyyəsində olması hesabınadır. Ona görə tələb də formalaşmayıb.

Artıq sentyabr ayı yekunlaşır, yaxın 10 günə bu ayın da təhlildən sonra vəziyyəti daha dəqiq şərh etmək olar. Amma bu günlərdə kirayə mənzil bazarında hələ ki, böyük axını hiss etmirik.

Əvvəlki illərdə qiymət artımı daha çox olmuşdu. Məsələn, 2020-ci ildə avqustun sonu, sentyabrın birinci dekadasında 12%-ə yaxın qiymət artımı olmuşdu. Ötən il eyni dövründə sektorda qiymət artımı 8%-in üzərində olmuşdu. Analoji göstərici bu il 6%-ə qədərdir”.