Qəbul imtahanında 700 bal toplayan qazaxlı abituriyent sınaq imtahanlarında xeyli aşağı bal topladığını dedi

Qəbul imtahanında 700 bal toplayan qazaxlı abituriyent sınaq imtahanlarında xeyli aşağı bal topladığını dedi

7 Avqust 2012 12:31
1 276
Bəyəndim (0) Bəyənmədim (0)

II ixtisas qrupu üzrə 700 bal toplayan 2 abituriyentdən Qazax rayonun Ürkməzli kənd sakini Səfərov Orxan Arif oğludur. Modern.az-ın əməkdaşı Qazaxda olan Orxanla əlaqə yaradaraq, onun təəssüratlarını öyrənib.

Uşaqlıqdan yaxşı oxumağa maraq göstərdiyini deyən Orxan Səfərov qəbul imtahanlarında 700 bal toplayacağı haqda heç vaxt düşünmədiyini bildirib.
"İmtahana gedənə kimi, sözün düzü, heç ağlıma da gəlməzdi ki, mən də 700 bal toplaya bilərəm. Çünki sınaqlarda aşağı bal toplayırdım. Hər dəfə sınaqlarda iştirak etsəm də, istədiyim nəticəni qazana bilmirdim. Amma yenə də ümidimi itirmirdim. Sınaq imtahanlarından sonra ruh düşkünlüyü yaşasam da, qardaşım mənə ürək-dirək verirdi. Onun mənəvi dəstəyindən sonra özümə ümidlərim artmağa başladı".
Orxan deyib ki, 9-cu sinifdən repititor yanına hazırlığa gedib. "Qabaqcadan düşünürdüm ki, imtahanda suallar çox çətin olacaq. Amma düşündüyüm kimi olmadı. Suallar mənim üçün bir o qədər də çətin deyildi. Coğrafiya mənim üçün çətin olsa da, risk etdim. İmtahan zamanı fikirləşirdim ki, 700 bal toplaya bilərəm.
Sualların düzgün cavabları çıxanda artıq bildik ki, 700 bal toplamışam. Amma yenə də inanmırdım, düşünürdüm ki, bəlkə 700-dən aşağı da ola bilər. Dünən cavablar açıqlananda çox sevindim. Bu mənim üçün, təmsil etdiyim rayon üçün böyük uğurdur", - deyə Orxan vurğulayıb.
Gələcək planları ilə bağlı danışan abituriyent təhsilini Qafqaz Universitetində davam etmək istədiyini deyib:
"Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisasını seçmək istəyirəm. Mən bu uğura görə ilk növbədə ailəmə minnətdarlığımı bildirirəm. Təbii ki, məktəb müəllimlərimin, hazırlıq müəllimlərinin zəhmətini də unutmaq olmaz. Qeyd edim ki, ən böyük köməkçim mənim qardaşım idi".

Xatırladaq ki, 700 bal toplayan digər abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızıdır.

O.M.