İcra məmurlarının  “Hərrac korrupsiyası” – Yeddi ay əvvəl yaradılan şirkət necə sifariş alır?

İcra məmurlarının “Hərrac korrupsiyası” – Yeddi ay əvvəl yaradılan şirkət necə sifariş alır?

4 Aprel 15:29
268
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda problemli kreditlər, vergi borcları, ailə-məşiət müstəvisində ortaya çıxan problemlər və digər məsələlərlə bağlı saysız-hesabsız əmlak hərracları keçirilir.

Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, məhkəmə qərar verdikdən sonra girovda olan əmlaklar satılır, yaxud Dövlət Vergi Xidməti borclunun əmlakını siyahıya alır, ödəniş olmadığı təqdirdə onu hərrac yolu ilə satışa çıxarır. Amma bu hərraclar necə keçirilir, şəffaflıq varmı, icra qurumları hansı qanunsuzuluq hallarına yol verirlər?

Hərraclarla bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, medianın diqqətindən kənarda qalmış bu sahədə bir sıra qanunsuzluqlar, sui-istifadə halları hökm sürür. Maraqlı şəxslər, xüsusən bu prosesdə iştirak edən icra məmurları bu sahədən böyük pullar qazanır. Nəhəng korrupsiya əməliyyatlarının mexanizmləri isə o qədər də mürəkkəb deyil:

- Hərraclar icra məmurları tərəfindən heç bir tender keçirilmədən özlərinə yaxın şirkətlərə həvalə edilir;

- Hərraca çıxarılan əmlak dəyərindən aşağı həddə qiymətləndirilir və bu zaman da "partnyor" şirkətlərin xidmətindən istifadə edilir;

- Hərraclara ancaq icra məmurlarının anlaşdığı şəxs və ona saxta rəqiblər buraxılır;

- Bir neçə hərracın "baş tutmadığı" elan edilir və əmlakın dəyəri hər dəfə süni şəkildə aşağı salınır. Nəticədə, ev, avtomobil, obyekt və s. kimi qiymətli əmlaklar icra məmurları tərəfindən dəyər-dəyməzinə ələ keçirilir.

Məsələn, son zamanlar belə əməliyyatlarda istifadə olunan şirkətlərdən biri - İxtisaslaşmış Əmtəə Birjası cəmi 7 ay əvvəl yaradılıb. Qurum 25.08.2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fərzəliyev Tahir Sultan oğludur. Bu şirkətin hərraclarda iştirak etməsi ümumiyyətlə qanunsuzdur. Belə ki, "İcra haqqında" Qanunun 53-cü maddəsinin 1-ci bəndinə görə, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

"İpoteka haqqında" Qanunun 41.2c. maddəsində də göstərilir ki, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş, beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir.

"İcra haqqında" Qanunun 53.2 maddəsində isə göstərilir: Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

Göründüyü kimi, İxtisaslaşmış Əmtəə Birjası qeyd olunan qanunvercilik normalarının heç birinə uyğun gəlmir. İcra mümurları qiymətləndirici və hərracı keçirən şirkətləri seçən zaman ancaq öz mənafelərini düşünür. Təəssüf ki, sözügedən sahədə sayı-hesabı bilinməyən qanunsuzluq faktları barədə heç bir tədbir görülmür.

Bu sahədə mövcud vəziyyəti "AzPolitika.info"-ya şərh edən hüquqşünas Əkrəm Həsənov bildirdi ki, qanunvericilikdə müəyyən boşluqlar olduğundan, korrupsiya və qanunsuzluq üçün əlverişli şərait yaranır, icra məmurları da bundan yararlanırlar: “Hərraclar "İcra Haqqında" Qanuna görə keçirilir. Amma bu sahədə birmənlı qərarlar yoxdur. Məsələn, hərracın nəticələri bəzi hallarda yalnız hərrac təşkilatı tərəfindən təsdiq olunur. Bəzən isə bunu icra məmuru təsdiq edir. Qanunda göstərilmir ki, İcra məmurunun da burada imzası olmalıdır, ya yox. Amma məntiqlə fikirləşsək, icra məmuru imza atmalıdır. Çünki bu hərraclar icra məmurunun sifarişi əsasında keçirilir. Bu boşluqdan sui-istifadə halları olduqca yüksəkdir. Məsələn, İcra məmurları burada ikibaşlı oyun oynayırlar. Qanunsuz hərrac keçirilən zaman sənədə imza atmırlar və deyirlər ki, bu məsələ onların səlahiyyətləri xaricindədir. Hərrac təşkilatları isə məsuliyyəti öz üzərindən ataraq deyirlər ki, onlar sifariş əsasında hərrac keçirirlər. Hərracın qanuni olub-olmaması onları maraqlandırmır”.

Hüquqşünas qeyd edir ki, bu sahədə baş verən özbaşınalıqlarla yanaşı, digər ciddi problemlər də var: “İlk növbədə bu sahədə inhisarçılıq mövcuddur. Yəni hərraclar bir neçə hərrac şirkətinin əlində cəmləşib. İcra məmurları heç bir tender müsabiqəsi keçirmədən bu işləri hərrac təşkilatlarına verirlər. Ona görə də sağlam rəqabət mühiti pozulur. Ancaq “Dövlət Satınalmaları Haqqında” Qanuna görə əvvəlcə tender keçirilməlidir. Hər halda aydındır ki, bu hərrac təşkilatlarının arxasında iri məmurlar durub.

İkincisi, qanuna görə hərracda ipoteka satılan zaman əvvəlcə o, məhkəmənin müəyyən etdiyi qiymət əsasında satışa çıxarılır. Satılmadıqda qiymət 15 faiz, ikinci hərracda isə 10 faiz aşağı düşür. Heç kim almadığı təqdirdə həmin əmlakı bank öz adına keçirə bilir. Qanunda olan bu boşluq böyük korrupsiya mənbəyi yaradır. Hər iki tərəf - bank və borcalan məhkəmə əsasında qiymətin müəyyən edilməsində marqlıdırlar. Bank çalışır ki, qiyməti mümkün qədər aşağı çəksin və daha sonra onu dəyər-dəyməzinə öz adına keçirsin. Borcalan isə əksinə, maraqlıdır ki, onun girov qoyduğu əmlakın qiyməti daha da şişirdilsin və real qiyməti hərracdakından yüksək olsun ki, banka sərf etməsin. Çünki bank bu qiymətlə əmlakı adına keçirərsə borc alan tərəfə əlavə ödəniş etməlidir. Tutalım ki, bankın borcu 100 min manatdır. Əmlakı 150 min manata adına keçirsə, artıq məcburdur ki, borcalan tərəfə aradakı fərqi ödəsin. Qanuna görə bank əmlakı adına keçirmirsə, girovdan azad olunur. Ona görə də bu prosesdə məhkəmə, icra məmurları, qiymətləndirici şirkətlər və tərəflər olduqca maraqlıdırlar. Müsabiqənin nəticəsi isə tərəflərin etdiyi “hörmət” əsasında müəyyən olunur".

Hüquqşünas qeyd edir ki, xarici ölkələrdə keçirilən hərraclar zamanı hər kəs əmlakı belə müsabiqələrdə almağa çalışır: "Azərbaycanda bu proses qeyri-şəffaf olduğu üçün heç kim hərracda iştirak etmək istəmir. Çünki qeyri-şəffaf keçirilir, qiymətlər qeyri-real olur və s. Hesab edirəm ki, əmlakı bank aşağı qiymətlə öz adına keçirməməlidir və müsabiqələr qiymət aşağı düşə-düşə davam etməlidir”.

Rasim

"AzPolitika.info"