Məleykə Abbaszadə: “Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm”

Məleykə Abbaszadə: “Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm”

20 İyul 2012 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında abituriyentlərin ixtisas seçimi məsələsinə toxunub. Onun sözlərinə görə, təhsil almaq hüququ Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlardan biridir. Amma dövlət heç zaman təhsil almış insanlarına işlə təmin edəcəyi barədə zəmanət vermir: "Abituriyent özü ixtisasını seçərkən fikirləşməlidir ki, o, sonra iş tapa biləcək, ya yox. Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm. Amma əhalinin nə qədər çox hissəsi ali təhsilli olarsa, dövlət bir o qədər güclü olar".

TQDK sədri müsabiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınması məsələsinə də toxunub: "Müsabiqədə iştirak üçün tələb olunan 250 bal elə də aşağı deyil. Çünki bəzi illərdə hətta abituriyentlərə 200 balla da ali təhsil almağa imkan verilib. Müəyyən şirkətlər xarici ölkələrin ali məktəblərinə tələbə dəvət edirlər. Mən bilmirəm ki, bu şirkətlər nə dərəcədə düzgün iş aparırlar və uşaqlar onların vədlərinə aldanıb getdikləri ölkədə hansı səviyyədə təhsil ala biləcəklər. Biz hesab edirik ki, 250 balla humanitar sahə üzrə ali təhsil almaq mümkündür. Təbii ki, 250 balla tələbə yığan məktəblə 600 baldan yuxarı nəticə göstərən tələbəsi olan məktəbin təhsil mühiti müxtəlif olacaq".

TQDK sədri həmçinin bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayacaq.
O.M.