III Dünya müharibəsi qorxusu marketlərdə təşviş yaradıb: Konserv satışları 40 faiz artıb
Sosial şəbəkələrdə III Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı yayılan iddialar və apokalipsis ssenariləri dünyanın bir sıra ölkələrində insanların davranışına təsir göstərməyə başlayıb. Müharibə və qlobal fəlakət ehtimallarından narahat olan bəzi istehlakçılar supermarketlərdən uzun müddət saxlanıla bilən ərzaqlar, konservlər, içməli su və digər zəruri məhsullar almağa üstünlük verirlər.
Bu tendensiya xüsusilə Böyük Britaniya və ABŞ-da diqqət çəkir. Məlumatlara görə, Britaniyanın supermarket şəbəkələrindən biri olan “Iceland” mağazalarında konservləşdirilmiş məhsulların satışı oktyabrın sonlarında qısa müddətdə 40 faiz artıb. Bu artım sosial şəbəkələrdə yayılan qiyamət ssenariləri və fövqəladə vəziyyətə hazırlıq çağırışları fonunda qeydə alınıb.
İnsanların narahatlığını artıran əsas məqamlardan biri də bəzi ölkələrin hökumətləri tərəfindən fövqəladə hallara hazırlıqla bağlı yayılan tövsiyələrdir.
Böyük Britaniya hökuməti oktyabrın 22-də başladığı “Be Ready” kampaniyası çərçivəsində əhalini mümkün fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb. Tövsiyələrə əsasən, hər bir ailənin ən azı 72 saat ərzində müstəqil şəkildə ehtiyaclarını qarşılaya biləcək ərzaq, içməli su, dərman və digər zəruri vasitələrə malik olması məsləhət görülür.
Yaponiya da oxşar çağırışlarla çıxış edib. Ölkədə zəlzələ, sunami, vulkan püskürməsi və digər təbii fəlakətlərin yaratdığı risklər nəzərə alınaraq ailələrə minimum üç günlük, imkan daxilində isə bir həftəlik ərzaq və su ehtiyatı saxlamaq tövsiyə olunur.
Satış göstəricilərində ciddi artım
Britaniyada fövqəladə vəziyyətə hazırlıq kampaniyasından sonra ərzaq satışlarında da nəzərəçarpacaq dəyişiklik müşahidə edilib.
“Worldpanel by Numerator” şirkətinin məlumatlarına görə, kampaniyanın başlanmasından sonrakı 10 gün ərzində, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə:
Əl dezinfeksiyaedici vasitələrin satışı 83 faiz;
Butulkalarda içməli suyun satışı 67 faiz;
Konservləşdirilmiş və bankalarda saxlanılan məhsulların satışı isə 37 faiz artıb.
Konservləşdirilmiş ət alan alıcıların gündəlik sayı da 43 faiz yüksəlib. Bununla belə, mütəxəssislər bu göstəricilərin kütləvi panik alış-verişdən daha çox insanların adi alış-verişlərinə ehtiyat məhsulları əlavə etməsi ilə bağlı olduğunu bildirirlər.
III Dünya müharibəsi ilə bağlı iddialar nə dərəcədə realdır?
Sosial şəbəkələrdə Böyük Britaniya və Yaponiya kimi ölkələrin fövqəladə ehtiyat çağırışları müharibəyə hazırlıq əlaməti kimi təqdim edilir. Lakin bu iddiaları təsdiqləyən rəsmi məlumat yoxdur.
Fakt yoxlamaları göstərir ki, bir sıra ölkələrdəki hazırlıq tövsiyələri əsasən təbii fəlakətlər, ekstremal hava şəraiti, kiberhücumlar, eləcə də elektrik və su təchizatında mümkün fasilələr kimi müxtəlif risklərlə bağlıdır.
Məsələn, Böyük Britaniyanın “Be Ready” kampaniyası insanların fövqəladə vəziyyətlərdə dövlət yardımı çatanadək öz ehtiyaclarını qarşılaya bilməsini hədəfləyir. Yaponiya üçün isə zəlzələ və digər təbii fəlakətlər əsas təhlükələr sırasındadır.
Nəticə etibarilə, dünyada fövqəladə hallara hazırlıq çağırışlarının artması III Dünya müharibəsinin qaçılmaz olduğu anlamına gəlmir. Ərzaq və zəruri vasitələrin müəyyən ehtiyatını saxlamaq təhlükəsizlik baxımından məntiqli addım sayılsa da, bunu panika və təsdiqlənməmiş məlumatlar əsasında deyil, rəsmi tövsiyələrə uyğun həyata keçirmək daha məqsədəuyğundur.
Şahmurad















.jpg)

.jpg)









































.jpg)
























