Misirdə iki sərnişin qatarı toqquşub: yeddi nəfər ölüb, yüzdən çox insan yaralanıb
Misirdə iki sərnişin qatarının iştirakı ilə qatar qəzası baş verib. Toqquşma nəticəsində azı 7 nəfər ölüb, 112 nəfər yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters”in yaydığı məlumatda bildirilir.
Qəza bazar günü, noyabrın 8-də Qahirənin cənubunda, Giza əyalətinin Əl-Əyyat rayonunda baş verib. Misir Dəmir Yollarının məlumatına görə, Gizadan Fayuma gedən qatar Qahirədən Asvana gedən digər qatarın arxasına çırpılıb.
Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb. Dəqiq neçə avtomobilə ziyan dəydiyi barədə məlumat verilməyib. Sərnişinləri təxliyyə etmək və yaralılara yardım göstərmək üçün 72 təcili tibbi yardım maşını cəlb edilib.Misir Səhiyyə Nazirliyinin son məlumatına görə, qəza nəticəsində 7 nəfər ölüb, daha 112 nəfər yaralanıb. Zərərçəkənlərdən bəzilərinə tibbi yardım göstərildikdən sonra artıq xəstəxanalardan buraxılıblar.
Ölkə prezidenti Əbdülfəttah əs-Sisi toqquşmanın şəraitinin təcili araşdırılmasına göstəriş verib. O, həmçinin zərərçəkmişlərə lazımi tibbi yardım göstərilməsini və təqsiri sübuta yetirilən hər kəsin məsuliyyətə cəlb olunmasını tapşırıb. Xilasetmə xidmətləri hadisə yerindədir. Onlar zədələnmiş vaqonların qalıqlarını sökür, dəmir yolu hərəkətinin bərpası üçün tədbirlər görürlər.
Toqquşmanın səbəbləri müəyyənləşdirilir.
Əziz MUSTAFA




















































































