Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilib

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilib

18:11
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial media hesabı açmasını qadağan edən yeni qaydalar qüvvəyə minib. Mövcud profillər dövlət xidmətləri vasitəsilə yoxlanılacaq və yaş tələbinə cavab verməyən hesablar bloklanacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bununla bağlı gələn ilin 31 mart tarixinə qədər keçid dövrü müəyyən edilib.

Artıq istənilən sosial media platformasında qeydiyyatdan keçmək üçün istifadəçilər Türkiyənin elektron hökumət portalı olan "e-Devlet" vasitəsilə şəxsiyyətlərini təsdiqləməlidirlər. Bundan sonra istifadəçiyə onun yaşını təsdiqləyən rəqəmsal nişan (token) veriləcək.

Bundan əlavə, yeni internet istifadə qaydalarına əsasən, 15-18 yaş arası yeniyetmələr üçün də məhdudiyyətlər tətbiq olunub. Onlara sosial media hesabı açmağa icazə verilsə də, tanımadıqları şəxslərə mesaj yazmaq (ünsiyyət yalnız dostlarla məhdudlaşdırılır), canlı yayımlar təşkil etmək, smartfonlarda ekran görüntüsü (screenshot) götürmək, "böyüklər üçün" nəzərdə tutulmuş reklamları görmək və s. qadağan edilib.

Nazirlik həmçinin bildirib ki, uşaqların onlayn fəaliyyətinə valideyn nəzarəti gücləndirilir. Böyüklər yeniyetmələrin hesab parametrlərini, o cümlədən onlayn alış-veriş və ödənişli abunəlikləri, xərc limitlərini, sosial mediada keçirilən vaxtı və coğrafi məkanın paylaşılması funksiyalarını idarə edə biləcəklər.

Qanun YouTube, TikTok, Facebook, Instagram və digərləri daxil olmaqla bütün sosial media platformalarına şamil edilir.

Türkiyəyə səfər edən xarici turistlər ölkəyə daxil olarkən dövlət portalı vasitəsilə pasport məlumatlarını təqdim etməklə bu populyar veb-platformalardan istifadə edə biləcəklər. Yeni qaydaları pozanları müxtəlif sanksiyalar gözləyir. 15 yaşdan kiçik uşaqlar, eləcə də onlar üçün hesab açan şəxslər illik gəlirlərinin 3%-i miqdarında cərimələnə, reklam hüququndan məhrum edilə və bəzi hallarda internet sürətləri 90%-ə qədər azaldıla bilər. Türkiyə parlamenti bu ilin aprel ayında 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqlədi. Bu qərar, Kahramanmaraş şəhərindəki məktəblərdən birində baş verən və 14 yaşlı bir yeniyetmənin doqquz şagirdi və bir müəllimi güllələyərək öldürdüyü hadisədən sonra qəbul edildi. Prezident Rəcəb Tayyib Ərdoğan bu faciəni sosial medianın azyaşlılar arasında populyarlığı ilə əlaqələndirərək bildirdi ki, rəqəmsal məzmun paylaşma tətbiqləri uşaqların şüurunu pozur, sosial media platformaları isə "bataqlığa" çevrilib.

Türkiyə bu cür məhdudiyyətləri tətbiq edən ilk ölkə deyil. Fransa, İspaniya, Çin və ABŞ-da yeniyetmələrin sosial mediadan istifadəsinə qarşı qadağalar artıq mövcuddur; Yunanıstanda da gələn ildən etibarən oxşar qaydaların qüvvəyə minməsi nəzərdə tutulur.

Avstraliya ən radikal yanaşmanı nümayiş etdirərək, 16 yaşdan kiçik uşaqlar üçün sosial media platformalarını qadağan edən əhatəli qanunvericilik qəbul edib. Lakin yeniyetmələr bu qərarın ləğv edilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edərək, hakimiyyət orqanlarının addımlarına etirazlarını bildiriblər. Məhkəmə prosesi hazırda davam edir.

Əziz MUSTAFA