Pentaqon Ukraynada “Starlink”-in yavaşlamasını araşdırmaqdan imtina edib

Pentaqon Ukraynada “Starlink”-in yavaşlamasını araşdırmaqdan imtina edib

12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Pentaqonun baş müfəttişi Starlink-in hərbi versiyası olan Starshield sisteminin Ukraynada fəaliyyətində baş vermiş nasazlığı araşdırmaqdan imtina edib. Oxuməni. az xəbər verir ki, bu barədə “Associated Press” və “Bloomberg” agentlikləri yazıb.

Starshield-in Ukraynada yavaşlamasının araşdırılması xahişi ilə Pentaqona doqquz senator — dörd respublikaçı və beş demokrat müraciət edib. Bu çərşənbə axşamı göndərilən cavab məktubunda qurumun baş müfəttişi Platt Morinq sorğunu ABŞ Hərbi Hava Qüvvələri Departamentinə yönləndirib.

AP-nin həmsöhbətlərindən birinin sözlərinə görə, senatorlar bu cavabı araşdırmadan imtina kimi qiymətləndirirlər. Halbuki Pentaqonun bunu həyata keçirmək üçün bütün imkanları var idi.

Müraciəti imzalayan senator Janna Şahinin sözlərini agentlik belə sitat gətirib: “Baş müfəttişin Ukraynanın mülki əhalisini qorumaq üçün etibar etdiyi peyk rabitəsindəki nasazlıqları, görünür, araşdırmamaq qərarına gəlməsi narahatlıq doğurur”.

Starshield sisteminin Ukraynada fəaliyyətində yaranan nasazlıqlar oktyabrın ortalarından qeydə alınmağa başlayıb. Ukrayna dronlarındakı terminallar saatda 161 kilometrdən yüksək sürətdə rabitəni itirirdi. Nəticədə bir sıra hərbi missiyalar baş tutmayıb və reaktiv “Şahed”lərin ələ keçirilməsi çətinləşib.

ABŞ Prezidenti Donald Trampın administrasiyası və “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu nasazlıqların səbəbləri ilə bağlı ziddiyyətli açıqlamalar veriblər. Mask bildirib ki, istənilən məhdudiyyət hərbçilər tərəfindən təsdiqlənməlidir. Daha sonra Tramp nə özünün, nə də “SpaceX” rəhbərinin hər hansı məhdudiyyət tətbiq etdiyini inkar edib. Ötən həftənin sonunda məhdudiyyətlərin aradan qaldırıldığı məlum olub.

Almaz Həsənli