Azərbaycanəsilli rejissor Cəfər Pənahi İranda əmlakı müsadirə olunmaqla beş il müddətinə azadlıqdan məhrum edilib
Kann Film Festivalının qalibi, azərbaycanəsilli rejissor Cəfər Pənahi İranda əmlakı müsadirə olunmaqla beş il müddətinə azadlıqdan məhrum edilib. Oxuməni.az xəbər verir ki, Variety nəşri İranın Emtedad agentliyinə istinadən bu barədə məlumat yayıb.
Pənahinin vəkili Mustafa Nili agentliyə bildirib ki, müdafiə etdiyi şəxs hökm barədə yalnız bank hesablarının bloklandığını aşkar etdikdən sonra xəbər tutub. Pənahi və vəkili Tehran prokurorluğuna müraciət edərək rejissorun qiyabi qaydada məhkum edildiyini öyrəniblər.
Vəkil Pənahinin beş il bir ay müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olan ittihamın təfərrüatlarını açıqlamayıb. O, yalnız işin rejissorun xaricdə yaşadığı dövrdə açıldığını bildirib. Pənahi 2026-cı il martın sonunda İrana qayıdıb.
Cəfər Pənahi hazırda İranın ən tanınmış rejissorlarından biridir.
Pənahi İranda əvvəllər də müxtəlif ittihamlarla bir neçə dəfə həbs cəzasına məhkum edilib. Belə ki, 2010-cu ildə o, “hökumət əleyhinə fəaliyyət”də ittiham olunaraq altı il müddətinə azadlıqdan məhrum edilib. Sonradan həbs cəzası ev dustaqlığı ilə əvəzlənib, lakin ona film çəkmək, ölkədən çıxmaq və müsahibə vermək qadağan edilib.
Buna baxmayaraq, rejissor gizli şəkildə daha beş film çəkib. Həmin ekran əsərləri sonradan beynəlxalq festivallarda iştirak edib. 2022-ci ildə Pənahi yenidən məhkum olunub və 2023-cü ilin əvvəlində həbsdən azad edilib.
2025-ci ilin mayında Pənahi İrandan çıxmağa nail olub və Kann Film Festivalında “Sadəcə bir təsadüf” filmini şəxsən təqdim edib. Film festivalın baş mükafatına layiq görülüb.
Qeyd edək ki, Cəfər Pənahi 1960-cı il iyulun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində azərbaycanlı ailəsində anadan olub. Onun dörd bacısı və iki qardaşı var. Atası rəngsaz işləyib. Ailədə evdə Azərbaycan dilində danışılıb.
Almaz Həsənli


























.jpg)







.jpg)























.jpg)

























