Reuters: Çində süni intellekt “köpüyü” artıq partlayıb

Reuters: Çində süni intellekt “köpüyü” artıq partlayıb

14:32
Bəyəndim (1) Bəyənmədim (0)

Çində süni intellekt sahəsində yaranmış “köpük” artıq partlayıb. Oxuməni az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Süni intellekt və yarımkeçiricilər sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri özündə birləşdirən materik Çinin STAR50 indeksi dörd aydan az müddətdə 40% ucuzlaşıb, bazar kapitallaşması isə təxminən 480 milyard dollar azalıb.

Çinin aparıcı şirkətlərinin səhmlərini əhatə edən CSI300 indeksi iyun ayında qeydə alınan maksimum göstəricilərlə müqayisədə təxminən 20% geriləyib.

“Fond bazarı çılğın spekulyativ ‘buğa’ya çevrilmişdi. İndi isə köpüyün partladığını görürük”, — deyə Pekində fəaliyyət göstərən fondun meneceri Dun Baoçjen bildirib.

“Goldman Sachs”ın məlumatına görə, süni intellekt şirkətlərinin səhmləri həm materik Çindəki A kateqoriyalı səhmlərin, həm də Honq-Konqdakı H kateqoriyalı səhmlərin ümumi bazar kapitallaşmasının 42%-ni və ticarət dövriyyəsinin 57%-ni təşkil edir.

İnvestorların “Unitree” robot istehsalçısının səhmlərinə tələbi təklifi 8 min dəfə üstələsə də, şirkətin səhmləri avqust ayında ticarətə başlanıldıqdan sonra iki dəfə ucuzlaşıb. Çip istehsalçısı “CXMT”nin səhmləri isə son bir ayda dörddə birdən çox dəyər itirib.

Ötən il birjaya çıxdıqdan sonra səhmlərinin qiyməti müvafiq olaraq 700% və 400% artan çip istehsalçıları “MetaX Integrated Circuits” və “Moore Threads Technology” şirkətlərinin səhmləri iyul ayından etibarən iki dəfə ucuzlaşıb. Optik komponentlər istehsal edən “Zhongji Innolight” və “Eoptolink Technology” şirkətlərinin səhmləri isə iyun və iyul aylarında qeydə alınan zirvə göstəriciləri ilə müqayisədə təxminən 60% ucuzlaşıb.

“Bütün digər Çin istehsalçıları kimi, çip və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər də nəticə etibarilə qiymət müharibəsi ilə üzləşəcəklər. İstisna olmayacaq. İstənilən ‘köpük’ qaçılmaz olaraq partlayır”, — deyə “Shanghai Zhuozhu Investment Management” şirkətinin tərəfdaşı Van Çju bildirib.

Süni intellektə böyük həcmdə vəsait yatırılması şirkətləri “təhlükəli zonaya” yaxınlaşdırır. “The Wall Street Journal” avqust ayında yazıb ki, genişmiqyaslı investisiyalar fonunda məhsuldarlıq kifayət qədər artmasa, süni intellekt “köpüyə” çevrilə bilər.

Oktyabr ayında ABŞ-ın ən böyük hedc fondlarından biri olan “Bridgewater”in təsisçisi Rey Dalio süni intellekti çökmək üzrə olan “klassik köpük” adlandırıb. “Biz bu [köpüyün çökməsindən] əvvəlki mərhələdəyik, lakin buna yaxınlaşırıq. Məncə, buna çox yaxınıq”, — deyə Dalio bildirib.

O, səbəblər arasında faiz dərəcələrinin artmasını və sərvətin nağd pula çevrilməsi zərurətini qeyd edib. “Hamı deyir: mənim bir milyard dollarım var. Amma yaxşı, cəhd edin, onu xərcləyin. Bu pulları xərcləmək üçün sərvətinizi satıb nağd vəsait əldə etməlisiniz. Buna görə də köpük adətən partlayır”, — deyə “Bridgewater”in təsisçisi izah edib.

Almaz Həsənli