İsraildə parlament seçkiləri keçirilir

İsraildə parlament seçkiləri keçirilir

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

27 oktyabrda İsraildə parlament seçkiləri başlayır. Seçkilərin nəticələri təkcə ölkənin daxili siyasətinin inkişaf istiqamətini deyil, həm də bütövlükdə Yaxın Şərqin taleyini müəyyən edəcək.

Oxuməni. az xəbər verir ki, İsraildə səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb. Seçkilərin nəticələrinə əsasən 26-cı çağırış Knessetin tərkibi müəyyən olunacaq, bundan sonra hökumət koalisiyasının formalaşdırılması prosesi başlayacaq və uğur əldə olunarsa, yeni kabinet və baş nazir and içəcək.

Hazırkı baş nazir Netanyahunun partiyasının, hətta müttəfiqlərinə arxalanaraq belə, Knessetdə çoxluq qazanmaq şansı demək olar ki, yoxdur. Onun rəqibləri, Gadi Ayzenkotun rəhbərlik etdiyi qüvvələr üçün də vəziyyət eynidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 7,3 milyon israillinin səsvermə hüququ var. Ölkə ərazisində ümumilikdə 12 018 səsvermə məntəqəsi açılıb. Onlar saat 22:00-dək (Bakı vaxtı ilə 23:59-dək) işləyəcək. Məntəqələr bağlandıqdan qısa müddət sonra exit-poll nəticələri açıqlanacaq və səslərin sayılmasına başlanacaq. Səslərin yekun sayımının 30 oktyabra qədər tamamlanacağı, rəsmi nəticələrin isə 4 noyabrda elan ediləcəyi gözlənilir. Yeni hökumətin formalaşdırılması bir neçə həftə çəkə bilər.

İsraildə proporsional seçki sistemi tətbiq olunur: Knessetə düşmək üçün partiya ən azı 3,25 faiz səs toplamalıdır. Səslər sayıldıqdan sonra prezident İsxaq Hersoq partiyalarla məsləhətləşmələr aparacaq və koalisiya qurmaq üçün ən böyük şansı olan namizədə hökumətin formalaşdırılmasını tapşıracaq. Bunun üçün 42 günədək vaxt ayrılır. Seçkidə qələbə hələ partiyaya hakimiyyət qazandırmır — həlledici məqam onun digər siyasi qüvvələrin dəstəyini ala bilib-bilməyəcəyi olacaq.

Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, ümumilikdə asayişi 20 min polis, sərhəd polisi əməkdaşı və könüllü izləyir. Öz növbəsində ordu Fələstin ərazilərində blokada rejiminin tətbiq olunduğunu və İordan çayının qərb sahilindəki bütün nəzarət-buraxılış məntəqələrinin bağlandığını elan edib.

Almaz Həsənli