Vuçiç Serbiyada keçirilən seçkilərdə məğlubiyyətini etiraf edib

Vuçiç Serbiyada keçirilən seçkilərdə məğlubiyyətini etiraf edib

11:13
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində özünün Serb Tərəqqi Partiyasının məğlubiyyətini etiraf edib. Seçkilərdə ölkədə kütləvi etirazlar zamanı formalaşan müxalif “Tələbə siyahısı — Tələbələr qalib gəlir” hərəkatı qələbə qazanıb. Oxuməni. az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Oktyabrın 25-i axşam saatlarında Vuçiç partiyasının qərargahında çıxış edərək yekun nəticələr hələ açıqlanmasa da, artıq müxalifətin qələbəsindən danışmağın mümkün olduğunu bildirib. Onun qiymətləndirməsinə görə, “Tələbə siyahısı” 250 yerlik parlamentdə 135–140 mandat, rəhbərlik etdiyi koalisiya isə təxminən 105 mandat əldə edəcək. Səsvermənin rəsmi yekun nəticələri hələ elan olunmayıb.

Vuçiçin məğlubiyyətindən sonra minlərlə insan müxalifətin qələbəsini qeyd etmək üçün Belqradın və digər şəhərlərin küçələrinə çıxıb.

Seçkilərdə seçici fəallığı 70 faizə yaxın olub. Bu, 1992-ci ildə Yuqoslaviyanın dağılmasından bəri qeydə alınan ən yüksək göstəricidir.

Vuçiç 2014-cü ildən Serbiyanın baş naziri, 2017-ci ildən isə prezidenti vəzifəsində çalışıb. Sentyabrın sonunda o, hökumət başçısı kimi hakimiyyətə qayıtmaq ümidi ilə istefa verib.

Vuçiçin partiyasının əsas rəqibi 2024-cü ilin noyabrında Novi-Sadda baş vermiş faciədən sonra tələbə etirazları əsasında yaranan “Tələbə siyahısı — Tələbələr qalib gəlir” hərəkatı olub. Həmin vaxt dəmiryol vağzalında talvarın uçması nəticəsində 16 nəfər həlak olub. Etirazçılar hakimiyyəti korrupsiyada ittiham edərək hadisənin araşdırılmasını tələb ediblər.

Almaz Həsənli