Mask ABŞ-dakı aralıq seçkilər ərəfəsində respublikaçılara 445 milyon dollar bağışlayıb
İş adamı İlon Mask ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri üçün azı 445 milyon dollar ianə edib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ianələrin əhəmiyyətli bir hissəsi respublikaçıların ABŞ Senatındakı təsirini qoruyub saxlamalarına kömək etmək məqsədilə yönəldilib.
CNN qeyd edir: "Nağd pul axını dünyanın ən varlı adamını prezident Donald Trampın Ağ Evdəki son iki ilində Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək aralıq seçkilərin ən böyük donoruna çevirib".
Telekanal dəqiqləşdirir ki, Federal Seçki Komissiyasının məlumatlarına görə, təkcə oktyabrın ilk iki həftəsində Mask əlavə 76,8 milyon dollar yatırıb.
Daha əvvəl "The New York Times" qəzeti Maskın üç ay ərzində siyasi fəaliyyət komitələrinə (PAC) və Respublikaçılar Partiyasının digər təşkilatlarına ümumilikdə 276 milyon dollardan çox vəsait bağışladığını bildirmişdi.
Xüsusilə, iyul-sentyabr ayları arasında Mask respublikaçı senator namizədlərini dəstəkləyən "Senate Leadership Fund" (Senatın Liderlik Fondu) adlı PAC-a 158 milyon dollar ianə edib.
ABŞ-da PAC-lar ianələri toplayan və onları seçkilərdə müxtəlif namizədləri dəstəkləyən kampaniyalara ötürən təşkilatlardır.
ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasındakı bütün yerlər, həmçinin Senatdakı yerlərin bir hissəsi uğrunda mübarizə gedəcək. Sorğular göstərir ki, Demokratlar Partiyasının Nümayəndələr Palatasında çoxluğu geri qaytarmaq, uğurlu şəraitdə isə Senatda da üstünlük qazanmaq üçün yaxşı şansları var.
Almaz Həsənli







































.jpg)














.jpg)





























