London husilərin hücumlarından müdafiə üçün Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

London husilərin hücumlarından müdafiə üçün Səudiyyə Ərəbistanına qırıcı təyyarələr göndərəcək

12:55
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya Yəməndəki husilərin hücumlarından müdafiə məqsədilə Səudiyyə Ərəbistanına “Typhoon” qırıcı təyyarələri göndərmək qərarına gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti krallığın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Döyüş təyyarələri İranın dəstəklədiyi husilərin raket və dron hücumlarından Səudiyyə şəhərlərini və kritik əhəmiyyətli infrastrukturu qorumaq üçün göndəriləcək.

Bundan əlavə, London Səudiyyə Ərəbistanının qərargah zabitlərinə dəstək göstərmək üçün britaniyalı hərbi məsləhətçilər, ölkə ərazisində ağır texnikanın daşınmasına kömək etmək üçün isə “Atlas A400M” nəqliyyat təyyarəsi göndərəcək.

Son həftələrdə husilər Səudiyyə Ərəbistanına hücumlarını intensivləşdiriblər. Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına genişmiqyaslı hücum nəticəsində azı 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Silahlılar həmçinin Dəhran şəhərində dövlətə məxsus “Saudi Aramco” neft şirkətinin qərargahına raket zərbələri endiriblər. Digər hücumlar da qeydə alınıb.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, “müttəfiqimiz Səudiyyə Ərəbistanına qarşı hücumlar tamamilə qəbuledilməzdir”.

Britaniya hakimiyyəti bəyan edib ki, Kral Hərbi Hava Qüvvələrinin qırıcıları müdafiə xarakterli vəzifələri yerinə yetirəcək və “husilərə qarşı hücum əməliyyatları həyata keçirməyəcək”.

“Bloomberg”in qeyd etdiyi kimi, Böyük Britaniyanın husilərə qarşı mübarizəyə birbaşa müdaxiləsi tarix boyu əsas müttəfiqlərindən biri olan Londonun Ər-Riyada göstərdiyi dəstəyin ən güclü təzahürlərindən biri olacaq.

Bundan əvvəl vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan kömək istəyib. Lakin bu müraciət hələlik amerikalıların hərbi müdaxiləsinə səbəb olmayıb. Türkiyə və Pakistanla imzalanmış yeni müdafiə sazişi isə Səudiyyə Ərəbistanına yalnız məhdud dəstək təmin edib.

Fransa Qırmızı dəniz sahilində yerləşən və atəşə tutulan Səudiyyə Ərəbistanının Yanbu limanına radiolokasiya sistemləri göndərib. Misir isə yaxın günlərdə Səudiyyə Ərəbistanına dəstək göstərilməsi imkanını nəzərdən keçirməlidir.

Fars körfəzi ölkələri krallığa dəstək bəyanatları ilə çıxış etsələr də, husilərə qarşı müharibədə iştirak etməkdən çəkiniblər. London isə bundan əvvəl müdafiə məqsədilə yalnız təyyarələrin havada yanacaqla təmin olunması ilə kifayətlənirdi.

Qeyd olunur ki, Kral Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcıları iri pilotsuz uçuş aparatlarına və qanadlı raketlərin əksəriyyətinə qarşı effektiv mübarizə aparmaq qabiliyyətinə malikdir. Bu təyyarələr İranla müharibə zamanı Fars körfəzi bölgəsində də belə vəzifələri yerinə yetiriblər.

Almaz Həsənli