Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtina etməsinin şərtini açıqlayıb
Ukrayna NATO-ya üzvlük əvəzinə alternativ təhlükəsizlik təminatları formatını nəzərdən keçirməyə hazırdır. Lakin bunun üçün həmin təminatlar eyni hüquqi qüvvəyə malik olmalı və dövlətin real müdafiəsini təmin etməlidir.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna üçün ən yaxşı təhlükəsizlik modeli üç komponentin birləşməsini nəzərdə tutur: Ukrayna ordusu, Avropa İttifaqı və NATO.
Zelenski vurğulayıb ki, təcrübəsi və say tərkibi sayəsində Ukrayna hərbçiləri artıq ölkənin müdafiəsində mühüm amildir və Avropa dövlətlərinin müdafiə qabiliyyətini gücləndirə bilərlər. Eyni zamanda, NATO-ya üzvlük müttəfiqlərin hüquqi cəhətdən müəyyən edilmiş öhdəliklər daşıdığı vahid təhlükəsizlik sistemində iştirakı nəzərdə tutardı.
Prezident həmçinin qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü Avropa ölkələrinin qərarlarından asılıdır. NATO-ya qoşulmaq üçün isə həm Avropanın, həm də ABŞ-nin razılığı tələb olunur.
“Biz hətta başqa ad altında olsa belə, bərabərhüquqlu təminatları müzakirə etməyə hazırıq. Lakin onlar eyni hüquqi qüvvəyə malik olmalıdır”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukraynaya tərəfdaşların formal vədləri deyil, yeni təhlükə yarandığı təqdirdə ölkənin müdafiəsini təmin edəcək təsirli mexanizm lazımdır. Prezidentin fikrincə, NATO-ya üzvlüyün istənilən alternativi müqayisə edilə bilən təhlükəsizlik səviyyəsini təmin etməli və mümkün təcavüzün qarşısını almalıdır.
Almaz Həsənli




















































































