Fransa hakimiyyəti oktyabrın 24-də keçiriləcək etirazlar zamanı polisə dəstək üçün hərbçiləri cəlb edəcək

Fransa hakimiyyəti oktyabrın 24-də keçiriləcək etirazlar zamanı polisə dəstək üçün hərbçiləri cəlb edəcək

13:33
Bəyəndim (1) Bəyənmədim (0)

Sentinelle əməliyyatında iştirak edən hərbçilər oktyabrın 24-də həyat şəraitinin pisləşməsinə qarşı keçiriləcək növbəti ümumxalq kütləvi etiraz aksiyaları zamanı mümkün iğtişaşların və talanların qarşısını almaq üçün Fransa polisi və jandarmlarına kömək edəcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes çərşənbə axşamı Milli Assambleyada çıxışı zamanı məlumat verib.

“Şübhəsiz ki, Sentinelle əməliyyatının qüvvələrini cəlb edəcəyik. Onlar stasionar obyektlərin mühafizəsini öz üzərlərinə götürəcək və bununla da daxili təhlükəsizlik qüvvələrinin əməkdaşlarını əvəz edəcəklər. Bu, polis əməkdaşlarının və jandarmların ictimai asayişin qorunması ilə bağlı vəzifələrin yerinə yetirilməsi üçün azad edilməsinə imkan verəcək”, – deyə Nünyes bildirib.

O, oktyabrın 17-də Fransa şəhərlərində dinc nümayişlərlə paralel olaraq qarətlər və yanğınlarla müşayiət olunan ciddi iğtişaşların baş verdiyi günlə müqayisədə ictimai asayişin qorunmasına daha çox hüquq-mühafizə orqanı əməkdaşının cəlb ediləcəyinə əmin edib.

“Arxayın ola bilərsiniz”, – deyə çıxışı Fransa mediası tərəfindən yayımlanan daxili işlər naziri bildirib.

Daxili İşlər Nazirliyi ictimai asayiş üçün potensial təhlükə yaradan, razılaşdırılmamış bütün mitinq və aksiyaların tamamilə qadağan edilməsi imkanını da nəzərdən keçirir.

Qeyd edək ki, Sentinelle (“Keşikçi”) 2015-ci ilin yanvarında Parisdə bir sıra rezonans doğuran terror aktlarından sonra başladılmış Fransa silahlı qüvvələrinin genişmiqyaslı daxili antiterror əməliyyatıdır. Əməliyyat çərçivəsində hərbçilər təhlükəsizlik təhdidlərinin qarşısını almaq məqsədilə polis və jandarm qüvvələri ilə birlikdə ictimai yerlərdə patrul xidməti aparır və strateji obyektləri mühafizə edirlər. Adi şəraitdə ölkə üzrə hər gün təxminən 7 min hərbçi bu əməliyyata cəlb olunur.

Almaz Həsənli