ABŞ milli təhlükəsizlik təhdidinə görə federal qurumlara Çinin DeepSeek süni intellektindən istifadəni qadağan edib
Tramp administrasiyası ABŞ-ın mülki federal qurumlarına Çinin süni intellekt (Sİ) startapı DeepSeek-in məhsul və xidmətlərindən istifadəni qadağan edib. Oxuməni. az xəbər verir ki, bu barədə Bloomberg yazır.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bazar ertəsi Federal Reyestrdə bildiriş dərc edib. Bildirişə əsasən, dövlət qurumları şirkətin məhsullarını öz sistemlərindən silməlidirlər. Qadağanın səbəbi DeepSeek-in Çində fəaliyyəti ilə bağlı milli təhlükəsizlik üçün potensial təhdid göstərilib.
Müvafiq sərəncamı iyulun 24-də nazirliyin rəhbəri Markveyn Mallin imzalayıb. Sənəd həmçinin DeepSeek-in federal dövlət satınalmaları üzrə müqavilələrdə iştirakını qadağan edir.
Sərəncamda bildirilir ki, şirkət istifadəçilər haqqında böyük həcmdə potensial həssas məlumatlar toplayır. Çinin informasiya təhlükəsizliyi ilə bağlı qanunlarına əsasən, həmin məlumatlar Pekindəki hakimiyyət orqanlarının əlinə keçə bilər. Qadağa 2018-ci ildə qəbul edilmiş federal satınalmaların təhlükəsizliyi haqqında qanuna əsaslanır.
Ayrı-ayrı dövlət qurumları DeepSeek-in fəaliyyətini daha əvvəl də məhdudlaşdırıblar. 2025-ci ilin yanvarında Pentaqonun Müdafiə İnformasiya Sistemləri Agentliyi startapın çat-botuna girişi bloklayıb. ABŞ Hərbi Dəniz Qüvvələrində xidməti fəaliyyət zamanı açıq süni intellekt sistemlərindən istifadə etməməklə bağlı tövsiyələr qüvvədədir. Bir sıra ştatlar da analoji məhdudiyyətlər tətbiq ediblər. 2025-ci ilin aprelində ABŞ Nümayəndələr Palatasının Çin üzrə komitəsi DeepSeek-in Çin Xalq Respublikası hakimiyyəti ilə əlaqələrini “əhəmiyyətli” adlandırıb.
Milli təhlükəsizliyə cavabdeh olan ABŞ dövlət qurumları DeepSeek-i və digər Çin süni intellekt şirkətlərini amerikalı tərtibatçıların bilik və texnologiyalarını sistemli şəkildə mənimsəməkdə ittiham edirlər.
Fevral ayında OpenAI konqresmenlərə bildirib ki, DeepSeek R1 çat-botunu hazırlayarkən aparıcı Amerika süni intellekt sistemlərindən distillə üsulu ilə məlumat əldə edib. Distillə daha böyük və güclü modelin biliklərindən istifadə etməklə daha kiçik modelin öyrədilməsi üsuludur.
Ötən həftə Pekin özü də 23 süni intellekt texnologiyasının, o cümlədən böyük dil modellərinin, Sİ agentlərinin, çip dizaynının və hesablama klasterlərinin ixraca nəzarət siyahısına daxil edilməsini təklif edib.
İyul ayında Ağ Ev açıq model Kimi K3-ün yaradıcısı olan Çin şirkəti Moonshot-u distillə üsulundan istifadə etməklə Anthropic şirkətinin texnologiyalarını oğurlamaqda ittiham edib. Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios “genişmiqyaslı və gizli sənaye distilləsini” qəbuledilməz adlandırıb.
Hələ fevral ayında Anthropic şirkəti Moonshot, DeepSeek və MiniMax şirkətlərini Claude modelinin distilləsi üzrə “sənaye miqyaslı kampaniyalar” həyata keçirməkdə ittiham etmişdi.
Almaz Həsənli
























































.jpg)








.jpg)


















