Roma Papası Oleşkidəki vəziyyətlə bağlı Putinə zəng edib

Roma Papası Oleşkidəki vəziyyətlə bağlı Putinə zəng edib

10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən xəbər verir.

Mətbuat açıqlamasına görə, pontifik Xerson vilayətinin müvəqqəti işğal olunmuş Oleşki şəhərindəki humanitar vəziyyətlə bağlı "dərin narahatlığını" ifadə edib. Roma Papası Rusiya liderini şəhərə ilk yardım və ərzağın çatdırılmasına, həmçinin mülki əhalinin könüllü təxliyəsinə icazə vermək üçün atəşkəsə çağırıb.

Bəyanatda qeyd olunur: "Sonda Müqəddəs Ata Müqəddəs Taxt-Tacın dialoqlara və sülhə töhfə vermək öhdəliyini bir daha təsdiqlədi".

Bundan əvvəl Andrey Sibiğa beynəlxalq birliyi və beynəlxalq təşkilatları Rusiyanın Oleşkini mühasirəyə almasına son qoyması üçün təzyiqləri gücləndirməyə çağırıb.

Xatırladaq ki, Aİ-nin baş diplomatı Kaya Kallas Aİ-nin işğal olunmuş Oleşkiyə humanitar yardım çatdırmağa çalışdığını bəyan edib.

Qeyd etmək lazımdır ki, Xerson vilayətindəki müvəqqəti işğal olunmuş Oleşki şəhəri hərbi əməliyyatlar və şəhərə məhdud giriş səbəbindən hədsiz çətin humanitar vəziyyətdə qalmaqdadır. Sakinlər qida məhsulları və dərman preparatları ilə təmin olunmaqda çətinlik çəkirlər, lazım olan köməyin çatdırılması və mülki şəxslərin təxliyəsi isə çətinləşib.

Almaz Həsənli