Air India təyyarəsi ələ keçirilmə siqnalından sonra təcili eniş edib
Frankfurtdan Dehliyə uçan Air India aviaşirkətinə məxsus təyyarə mümkün ələ keçirilmə barədə məlumat daxil olduqdan sonra Caypur şəhərində təcili eniş edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarə Mumbay uçuş informasiya rayonunda olarkən pilot 7500 kodunu aktivləşdirib. Bu kod təyyarənin qaçırılması və ya ona qanunsuz müdaxilə barədə siqnal verir. Daha sonra təyyarənin istiqaməti dəyişdirilərək Caypura yönləndirilib.
Təyyarə təhlükəsiz şəkildə yerə endikdən sonra sərnişinlər təhlükəsizlik xidmətinin nəzarəti altında təyyarədən çıxarılıblar. Sərnişinlər və onların baqajları yoxlanılıb.
Bundan sonra təhlükəsizlik protokollarına uyğun olaraq təyyarə xüsusi təcrid olunmuş əraziyə çəkilib. Malviya-Nagar rayonunun polis komissarının köməkçisi Şiv Dayal bildirib ki, hava limanının rəhbərliyi bomba təhlükəsi barədə məlumat daxil olduğuna görə təyyarənin məcburi eniş etməsi ilə bağlı polisə xəbər verib.
NDTV telekanalının məlumatına görə, Frankfurtdan Yeni Dehliyə uçan Air India təyyarəsi bomba təhlükəsi barədə məlumat səbəbindən Caypurda təcili eniş edib. Telekanalın bildirdiyinə görə, təhlükə barədə məlumat yalan çıxıb.
Almaz Həsənli








































.jpg)







.jpg)



































