Yəmən husiləri dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”-nun baş qərargahına zərbə endiriblər

Yəmən husiləri dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”-nun baş qərargahına zərbə endiriblər

15:24
Bəyəndim (1) Bəyənmədim (0)

Yəmənli silahlı qruplaşmanın həyata keçirdiyi raket hücumu nəticəsində Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”-nun Dəhran şəhərində yerləşən baş qərargahı vurulub. Oxuməni.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Binada “kiçik yanğın” baş versə də, ölən və yaralanan olmayıb. “Financial Times” qəzetinin yazdığına görə, burada “Saudi Aramco”-nun neftin planlaşdırılması və təchizatı ilə məşğul olan bölməsi yerləşir. Həmin bölmə şirkətin “sinir mərkəzi” adlandırılır. Binada, həmçinin rəhbərliyin ofisləri, maliyyə və hüquq şöbələri fəaliyyət göstərir.

Maliyyə və silah baxımından İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının neft infrastrukturuna, o cümlədən neft emalı zavodlarına zərbələr endirməyə çalışırlar. Son günlər onların əməliyyatlarının miqyası genişlənib və ölkənin hava limanları, o cümlədən Ər-Riyaddakı hava limanı da bir sıra hücumlara məruz qalıb. Nəticədə azı 18 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

“ExxonMobil”, “TotalEnergies”, “Shell”, “Chevron” və BP şirkətlərinin baş icraçı direktorları isə bazar ertəsi paytaxtda fəaliyyətə başlayan enerji konfransında iştirak etməyiblər.

Husilər raket və pilotsuz uçuş aparatları arsenalını genişləndirirlər. “The Wall Street Journal” qəzeti “Conflict Armament Research” təşkilatının hesabatına istinadən yazır ki, onlar hətta İranın köməyi olmadan, Çin istehsalı komponentlərdən istifadə etməklə müasir orta mənzilli ballistik raketlər hazırlamağa başlayıblar.

Bu texnoloji irəliləyiş Yəmənin qərb hissəsinə, o cümlədən paytaxta və Bab əl-Məndəb boğazından keçidə nəzarət edən qruplaşmanın yaratdığı təhlükəni əhəmiyyətli dərəcədə artırır. Gəmilər bu boğaz vasitəsilə Qırmızı dənizə daxil olur və oradan çıxırlar.

Münaqişə zonalarında fəaliyyət göstərən, silahların istifadəsi və tədarük zəncirləri barədə hesabatlar hazırlayan “Conflict Armament Research” təşkilatının araşdırmasına görə, husilər Çin təchizatçısından İranın Kheibar Shekan raketinin daha güclü versiyasını hazırlamaq üçün zəruri olan bir sıra komponentlər əldə ediblər. Bu raket yüksək dəqiqlikli tuşlama sistemi ilə təchiz olunub.

Kheibar Shekan İranın raket arsenalında ən effektiv silahlardan biri hesab olunur. İran yazda ABŞ ilə müharibə zamanı bu raketdən regiondakı Amerika hərbi bazalarına qarşı müəyyən uğurla istifadə edib.

Husilərin hazırladığı raketin isə təxminən 2 000 kilometrədək mənzilə malik olacağı bildirilir. Bu, raketin Səudiyyə Ərəbistanının və İsrailin bütün ərazisindəki hədəflərə çata bilməsi deməkdir.

Almaz Həsənli