Google ödənişli tərtibatçı hesabı olmadan süni intellektlə yaradılan tətbiqləri Google Play-də yerləşdirməyə icazə verib
Google oktyabrın 13-dən etibarən 18 yaşdan yuxarı istifadəçilərə Google AI Studio xidmətində yaradılmış Android tətbiqlərini Google Play-də dərc etməyə icazə verib. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bunun üçün ödənişli tərtibatçı hesabı tələb olunmur. Beləliklə, adi dildə tapşırıq verən, kodu isə süni intellektə yazdıran “vayb-koderlər” üçün mağazanın imkanları genişləndirilir.
Yeniliyin müəyyən məhdudiyyətləri var. Bu cür tətbiqlər qapalı rejimdə yerləşdiriləcək və yalnız şəxsi istifadə üçün nəzərdə tutulacaq. Onlar mağazanın ümumi axtarış nəticələrində və tövsiyələrində görünməyəcək. Qeyd olunur ki, Google-un tətbiq hazırlamaq üçün nəzərdə tutulan digər süni intellekt platforması Antigravity-yə bu imkan verilməyib.
İndiyədək tətbiqi mağazada yerləşdirmək daha çətin idi. Google tərtibatçı hesabının qeydiyyatı üçün birdəfəlik 25 dollar ödəniş alır, yeni tətbiqləri bir neçə gün ərzində yoxlayır və həmin tətbiqlərdə rəqəmsal xidmətlər satıldıqda komissiya əldə edir. Apple şirkətinin App Store üçün tərtibatçı proqramının illik ödənişi isə 99 dollardır.
Google Play-in vitse-prezidenti və baş meneceri Sem Brayt bildirib ki, gələcəkdə “vayb-koderlər” öz tətbiqlərini dostları və ailə üzvləri kimi məhdud sayda insanla paylaşa biləcəklər. Şirkət hələlik belə tətbiqlərdə ödənişli funksiyaları məhdudlaşdıracaq.
Braytın sözlərinə görə, AI Studio-da quraşdırılmış yoxlama sistemləri zərərli və ya qəbuledilməz kontentin mağazada yerləşdirilməsinə imkan verməyəcək. O bildirib:
“Google Play-də tətbiqlərin gələcəyi fərdi, təhlükəsiz və hər kəs tərəfindən yaradılan tətbiqlərdir”.
Google AI Studio xidmətini 2023-cü ildə brauzer əsaslı alət kimi istifadəyə verib. Bu platforma istifadəçilərə kod yazmaq, eləcə də təsvirlər və səs yaratmaq üçün şirkətin süni intellekt modellərini sınaqdan keçirməyə imkan verir.
Şirkət may ayında keçirilən I/O konfransında bu xidmət vasitəsilə Android tətbiqlərinin yaradılması və sınaqdan keçirilməsi prosesini sadələşdirib. Həmin vaxt Android cihazlarının sahibləri Gemini vasitəsilə ana ekran üçün öz vidcetlərini yaratmaq imkanı da əldə ediblər.
Almaz Həsənli
































.jpg)







.jpg)











































