Qeyts: 2027-ci ildə bəşəriyyəti süni intellekt səbəbindən bir çox xoşagəlməz sürprizlər gözləyir
"Microsoft"un qurucusu Bill Qeyts süni intellektin (Sİ) inkişafı ilə bağlı mümkün təhlükələr barədə xəbərdarlıq edərək bildirib ki, 2027-ci ildə bəşəriyyət bir sıra xoşagəlməz sürprizlərlə qarşılaşa bilər.
CNN-in iş adamı ilə müsahibəyə istinadən yaydığı məlumata görə, əsas təhlükələrdən biri Sİ-nin kiberhücumların həyata keçirilməsi üçün istifadə edilməsi olacaq, bu barədə Oxuməni.az xəbər verir.
"Pis niyyətli insanlar, qoruyucu məhdudiyyətlərin olmaması və ən yeni süni intellekt modelləri bir araya gəldikdə, yaxın ildə bizi, xüsusən də kiber-sahədə çoxlu xoşagəlməz sürprizlər gözləyir", – deyə Qeyts bildirib.
O qeyd edib ki, bu gün əsas təhlükə süni intellektin nəzarətdən çıxması ilə deyil, daha çox onun cinayətkarlar tərəfindən kiberhücumlar, hədə-qorxu ilə pul tələb etmə (şantaj) və maliyyə bazarlarında manipulyasiyalar üçün istifadə olunması ilə bağlıdır. Bundan əlavə, Qeyts hesab edir ki, Sİ şirkətləri üçün özünütənzimləmə kifayət deyil və o, dövlət nəzarətinin tərəfdarıdır.
Xatırladaq ki, sentyabrın sonlarında Bill Qeyts "NBC News"a müsahibəsində bildirmişdi ki, süni intellektin nəzarətsiz inkişafı milyarda yaxın insanın həyatına son qoya biləcək hadisələrə səbəb ola bilər. O, Sİ-nin hazırlanması sahəsində təhlükəsizlik tələblərinin qanunvericilik səviyyəsində möhkəmləndirilməsinə çağırıb. Bundan əvvəl, "Anthropic" rəhbərinin buna bənzər xəbərdarlıqları fonunda "OpenAI" və İlon Mask süni intellekt üzərində müstəqil nəzarətin gücləndirilməsinin tərəfdarı çıxmışdılar, Mark Zukerberq və ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə ümimsənaye tənzimlənməsinin və tələm-tələsik məhdudiyyətlərin əleyhinə çıxış etmişdilər.
Almaz Həsənli









.jpg)
















































.jpg)

























