Afrika ölkələri Rusiyanın tərəfində döyüşən və əsir düşən vətəndaşlarının geri qaytarılması üçün Ukraynaya müraciət ediblər

Afrika ölkələri Rusiyanın tərəfində döyüşən və əsir düşən vətəndaşlarının geri qaytarılması üçün Ukraynaya müraciət ediblər

10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə Afrika ölkəsi Rusiyanın tərəfində döyüşən və Ukraynaya əsir düşən vətəndaşlarının geri qaytarılmasını istəyib. Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Keniya, Botsvana və Zimbabve bu xahişlə Ukraynaya müraciət edib. Keniyanın xarici işlər naziri Musaliya Mudavadi bildirib ki, Nayrobi Ukrayna əsirliyində saxlanılan afrikalıların hərbi əsirlər deyil, “beynəlxalq insan alverinin qurbanları” kimi tanınmasını tələb edir.

Bloomberg-in qeyd etdiyi kimi, Keniya hökuməti beş əsirin geri qaytarılması ilə bağlı danışıqlar aparır. Mudavadinin sözlərinə görə, ölkə prezidenti Uilyam Ruto bu məsələ ilə bağlı Ukrayna lideri Volodimir Zelenskiyə də telefonla zəng edib. Keniyanın xarici işlər naziri israr edir ki, söhbət hərbi əsir hesab edilə bilməyən insanlardan gedir. Onun sözlərinə görə, həmin şəxslər “işə düzəlmək barədə yalan vədlərlə işə cəlb olunublar” və buna görə də “beynəlxalq insan alverinin qurbanları” kimi tanınmalıdırlar. Nazir bildirib ki, Ukrayna əsirliyində olan ən gənc Keniya vətəndaşının 23 yaşı var.

Keniya ilə yanaşı, Botsvana və Zimbabve hakimiyyətləri də vətəndaşlarının geri qaytarılması üçün Ukraynaya müraciət ediblər. Hər üç ölkə israr edir ki, Rusiya tərəfində cəbhəyə göndərilən afrikalılara mülki vəzifələrdə iş vəd edilib, daha sonra isə onlar aldadılaraq hərbi xidmətə cəlb olunublar.

Bloomberg-in məlumatına görə, Ukrayna əsirliyində Rusiya və Şimali Koreya vətəndaşları nəzərə alınmadan azı 213 əcnəbi saxlanılır. Onlardan 37-si afrikalıdır. Agentlik Ukraynanın statistikasına istinadən vurğulayır ki, Rusiyanın genişmiqyaslı müharibəsi başlayandan bəri döyüşlərdə iştirak etmək üçün 135 ölkədən 28 mindən çox əcnəbi cəlb edilib. Onların 5 mindən çoxu artıq həlak olub.

The Kenyan Wall Street nəşri bildirib ki, Keniya hakimiyyəti Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən 354 vətəndaşını rəsmi şəkildə qeydə alıb. Onlardan 84-ü həlak olub və ya itkin düşüb, 62 Keniyalı isə geri qaytarılıb. Bununla belə, yerli hüquq müdafiəçiləri müharibəyə cəlb edilənlərin real sayının iki dəfədən də çox ola biləcəyini bildirirlər. İctimai fəallar döyüş bölgəsində olmuş 841 Keniya vətəndaşını müəyyən edə biliblər.

Almaz Həsənli