Yaponiyada məhkəmə ilk dəfə insan səsini süni intellektdən qoruyub

Yaponiyada məhkəmə ilk dəfə insan səsini süni intellektdən qoruyub

15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Tokio Dairə Məhkəməsi tarixi qərar qəbul edərək ilk dəfə insanın öz səsinə olan hüququnu tanıyıb və süni intellektin səs sahibinin razılığı olmadan həmin səsi təqlid etməsini qadağan edib. Oxuməni. az xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.

Məhkəmə araşdırmasına məşhur yapon anime səsləndirmə aktyoru Kendziro Tsudanın TikTok sosial şəbəkəsinin rəhbərliyinə qarşı qaldırdığı iddia səbəb olub.

Aktyor məhkəmədən onun icazəsi olmadan neyron şəbəkə vasitəsilə yaradılmış səs surətindən istifadə edən hesabın bloklanmasını tələb edib.

Tsuda məşhur layihələrdəki əsas personajların səsləndirilməsində istifadə olunan dərin bariton səsi ilə tanınır. Onun səsləndirdiyi personajlar arasında «Sehrli döyüş» serialındakı Kento Nanami də var.

İddia ərizəsində bildirilir ki, «Nanami» ləqəbli anonim səhifə sahibi aktyorun populyarlığından kommersiya məqsədilə istifadə edib. Süni intellekt tərəfindən yaradılmış səs paranormal hadisələr və şəhər əfsanələri haqqında 180-dən çox videoda səsləndirilib.

Ötən ilin noyabrına qədər səhifənin izləyicilərinin sayı 200 mini keçib. İzləyicilər şərhlərdə mütəmadi olaraq videolardakı danışanın asanlıqla tanınan səs tembrinə diqqət çəkiblər.

Məhkəməyə sədrlik edən hakim Aya Takahaşi qərarında vurğulayıb ki, insanın səs məlumatları onun təsviri kimi fərdiliyinin ayrılmaz simvoludur.

Məhkəmə qərara alıb ki, kommersiya mənfəəti əldə etmək məqsədilə şəxsin səsindən onun razılığı olmadan istifadə edilməsi onun imicindən istifadə hüququnu pozur.

Cavabdehin nümayəndələri məhkəmə iclaslarında bildiriblər ki, videolarda səsin dəqiq surətindən deyil, sadəcə ona bənzəyən sintez edilmiş səsdən istifadə olunub. Onlar həmçinin bunun iddiaçının işgüzar nüfuzuna zərər vurmadığını vurğulayıblar.

Bununla belə, məhkəmə aktyorun mövqeyini dəstəkləyib və rəqəmsal texnologiyaların inkişafı dövründə müəllif hüquqları və şəxsi hüquqların qorunması sahəsində mühüm presedent yaradıb.

Almaz Həsənli