ABŞ ordusunda ilk dəfə güllələnmə cəzası tətbiq ediləcək

ABŞ ordusunda ilk dəfə güllələnmə cəzası tətbiq ediləcək

11:48
Bəyəndim (1) Bəyənmədim (0)

Donald Tramp 2009-cu ildə Fort-Hud bazasına hücumda təqsirli bilinən fələstin əsilli amerikalı, hərbi psixiatr Nidal Malik Həsən barəsində çıxarılmış ölüm hökmünün güllələnmə yolu ilə icrasını təsdiqləyib. Oxuməni az xəbər verir ki, bu barədə ABŞ ordusu nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, müdafiə naziri Pit Heqset müvafiq tövsiyə ilə çıxış edib və hökm ABŞ quru qoşunlarının güllələmə dəstəsi tərəfindən icra olunacaq. İnfazın dəqiq tarixi, vaxtı və yeri isə ordu naziri tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, hərbi psixiatr Həsən 5 noyabr 2009-cu ildə Texas ştatındakı Fort-Hud bazasında silahsız hərbçilərə atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. Hadisədən sonra polis tərəfindən ağır yaralanan Həsən beldən aşağı iflic olub. İstintaq hücumun motivinin radikal islamçı ideologiya olduğunu müəyyən edib. 2013-cü ilin avqustunda andlılar məhkəməsi yekdilliklə onu ölüm cəzasına məhkum edib. Məhkəmə Fort-Hud ərazisində keçirilib. Hərbçi özünü müdafiə edib və günahsız olduğunu sübut etməyə çalışmayıb.

ABŞ ordusunun (quru qoşunları) ölkə ərazisindəki ən böyük hərbi bazası olan Fort-Hud, Texas ştatının Killin şəhəri yaxınlığında yerləşir. Bazada 40 minə yaxın hərbçi xidmət edir. Həsənin atəş açdığı bina 2014-cü ildə sökülüb, 2016-cı ildə isə onun yerində həlak olanların xatirəsinə abidə ucaldılıb.

Almaz Həsənli