Britaniya Çin istehsalı olan elektromobillərə 45% rüsum tətbiq etməyə hazırdır
Böyük Britaniya, "Avropada istehsal olunub" (Made in Europe) qaydaları ilə bağlı problemlərin qarşısını almaq üçün Avropa İttifaqının ardınca Çin elektromobillərinə 45% həcmində rüsum tətbiq etməyə hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mümkün tariflərin hazırlanması Pekinin dövlət tərəfindən subsidiyalaşdırılan nəqliyyat vasitələrini Birləşmiş Krallığa ixrac edərək "dempinq" ilə məşğul olması barədə iddialar fonunda aparılır.
Sentyabr ayında Böyük Britaniyada satılan bütün avtomobillərin demək olar ki, dörddə biri Çin modellərinin payına düşüb. Hazırda Çin markaları ən populyar 25 brend siyahısında beş yer tutur. Bu reytinqdə lider "Jaecoo 7" modeli olub: sentyabr ayında Britaniya adalarında bu avtomobillərdən təxminən 11 min ədəd satılıb.
Brüssel daha əvvəl Londondan Çin istehsalı olan avtomobillərə rüsumları artırmağı tələb etmişdi. Aİ xəbərdarlıq edir ki, Avropa Komissiyasının "Made in Europe" iqtisadi təşəbbüsü çərçivəsində tətbiq edilən ticarət maneələri Britaniyanın əsas ixrac mallarına zərbə vuracaq. Birliyin yeni iqtisadi strategiyası Çindən gələn rəqabətə qarşı bloku qorumaq məqsədilə subsidiyalar və dövlət satınalmaları məsələlərində Aİ istehsalçılarına üstünlük verməyi nəzərdə tutur.
Ötən həftə Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) bəyan edib ki, Avropa Komissiyasının qaydaları, xüsusən də Aİ-dən kənarda istehsal olunan avtomobillər üçün subsidiyalara, vergi güzəştlərinə və dövlət satınalma müqavilələrinə çıxışı məhdudlaşdıran tələblər Britaniya avtomobil sənayesi üçün ekzistensial təhlükə yaradır. SMMT-nin rəhbəri Mayk Houzun sözlərinə görə, "Britaniya və Aİ-nin avtomobil sənayesi dərin inteqrasiya olunub, buna görə də Britaniya istehsalı olan avtomobillərin onların ən böyük bazarından faktiki olaraq kənarlaşdırılması hər iki tərəfə zərər vuracaq".
Almaz Həsənli



















































































