ABŞ Suriyaya silah ixracına qoyulan tam qadağanı ləğv edib
Vaşinqton ABŞ-ın hərbi təyinatlı məhsullarının Suriyaya tədarükünü fərdi qaydada nəzərdən keçirmə rejiminə keçirib. Bu qərar Dəməşqə qarşı məhdudiyyətlərin yumşaldılması istiqamətində növbəti addım olub.
ABŞ oktyabrın 1-dən Suriyanı müdafiə təyinatlı məhsul və hərbi xidmətlərin ixracı və idxalı üçün lisenziyaların və digər icazələrin verilməsindən tam imtina siyasətinin tətbiq olunduğu dövlətlər siyahısından çıxarıb. Oxuməni.az xəbər verir ki, müvafiq dəyişiklik ABŞ Dövlət Departamenti tərəfindən Beynəlxalq Silah Ticarəti Qaydalarına (ITAR) edilib.
Yeni siyasətə əsasən, ABŞ hakimiyyəti artıq Suriyaya silahların, hərbi texnikanın və bununla əlaqəli müdafiə xidmətlərinin tədarükü ilə bağlı müraciətlərə avtomatik imtina vermək əvəzinə, hər bir konkret hal üzrə baxa biləcək. Bununla belə, Suriyanın siyahıdan çıxarılması hər hansı konkret sövdələşmənin təsdiqlənməsi və ya ABŞ silahlarının Dəməşqə dərhal tədarükü demək deyil. Potensial hər bir sövdələşmə üçün müvafiq lisenziyanın alınması və müəyyən edilmiş prosedurların yerinə yetirilməsi tələb olunacaq.
Dəyişiklik bir sıra dövlətlərə müdafiə təyinatlı məhsulların ixracını, idxalını və satışını məhdudlaşdıran ITAR qaydalarının 126.1-ci bölməsinə düzəliş formasında rəsmiləşdirilib. Qərar avqustun 19-da ABŞ dövlət katibi tərəfindən təsdiqlənib, yekun qayda isə oktyabrın 1-də Federal Reyestrdə dərc olunub.
Almaz Həsənli




















































































