Fransada məktəb etirazlarında onlarla müəllim yaralanıb
Fransada məktəb etirazları başlayandan bəri 40 direktor da daxil olmaqla 65 orta məktəb işçisi yaralanıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Təhsil naziri Eduard Geffrey TF1 Info-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə 400-dən çox orta məktəb bağlanıb və dərslər onlayn təhsilə keçirilib. Nazir valideynləri müdaxilə etməyə və uşaqlarına etirazlara qatılmamalarını izah etməyə çağırıb.
"İndi ən vacib şey uşaqlarımızın küçələrdə qalmamasını təmin etməkdir, çünki onlar təhlükədədirlər", - deyə o bildirib.
Etirazlar ərəfəsində polis əsasən dövlət məmurlarına hücumlar, zorakılıq və iğtişaşlarda iştirak etdiklərinə görə 1949 nəfəri həbs edib. 305 polis və jandarm yaralanıb. Daxili İşlər Naziri Loran Nunyes "məhdudiyyətsiz zorakılığı" qınayaraq, vəziyyətin "artıq lisey tələblərinin qanuni ifadəsi ilə heç bir əlaqəsi olmadığını və şəhər iğtişaşlarının bütün xüsusiyyətlərini özündə cəmləşdirdiyini" qeyd etdi.
Bütün departamentlərdəki müfəttişlər bağlanmış liseylərin xaricində mitinqlərin keçirilməsini qadağan etdilər. Ədliyyə Naziri Gerald Darmanin prokurorlara valideynləri övladlarının vurduğu ziyana görə mülki məsuliyyətə cəlb etməyi və cərimə tətbiq etməyi tapşırdı. Overn-Ron-Alp bölgəsində ziyanın 25-30 milyon avro olduğu təxmin edilir. Nantda etirazçılar 2014-cü ildə 52 milyon avroya inşa edilmiş Nelson Mandela Liseyinin zalını yandırdılar; məktəb ən azı noyabr ayına qədər bağlı qalacaq.
Etirazçılar lisey kafeteriyalarında qida keyfiyyətinin yaxşılaşdırılmasını, məktəblərdə smartfonlardan istifadəni, sinif otağının təşkilinin yaxşılaşdırılmasını, əlavə maliyyələşdirməni və şagirdlərin administrasiya ilə açıq dialoq aparmaq imkanı tələb edirlər.
Əziz Mustafa




















































































