2026-cı ildə yeni sürücülər üçün ən yaxşı beş krossover açıqlanıb

2026-cı ildə yeni sürücülər üçün ən yaxşı beş krossover açıqlanıb

16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Toyota RAV4 2026-cı ildə yeni sürücülər üçün kompakt krossoverlər arasında reytinqdə birinci yeri tutub. İlk beşliyə həmçinin Honda CR-V, Kia Sportage, Hyundai Tucson və elektriklə işləyən Hyundai IONIQ 5 daxil olub.

Bu barədə Oxuməni.az analitik avtomobil platforması MotiveGrid-in reytinqinə istinadən xəbər verir.

MotiveGrid seçim zamanı qiyməti 35 min dollardan çox olmayan yeni kompakt krossoverləri nəzərdən keçirib. Hər bir model üç əsas tələbə cavab verməli olub: qəza zamanı yüksək təhlükəsizlik səviyyəsi, standart sürücü yardım sistemlərinin yetərli dəsti və etibarlılığı sınaqdan çıxmış güc qurğusu.

Sürücü yardım sistemləri arasında avtomatik təcili əyləcləmə, avtomobili hərəkət zolağında saxlama və kor zonalara nəzarət funksiyaları nəzərə alınıb. Reytinq üçün müəyyən edilmiş bütün tələblərə cavab verən modellərin ən ucuz komplektasiyası götürülüb.

Seçimdən sonra avtomobillər beş istiqamət üzrə qiymətləndirilib: sahibolma xərcləri, güc qurğusu, təhlükəsizlik, sürücü yardım sistemləri və gündəlik istifadədə rahatlıq. Yekun qiymətləndirmədə ən böyük çəki təhlükəsizliyə verilib.

İlk beşliyə daxil olan krossoverlər

1. Toyota RAV4. SE Hybrid versiyası 100 mümkün baldan 83 bal toplayıb. Reytinqdə onun qiyməti 34,7 min dollar, beş illik hesablanmış sahibolma xərci isə 39,4 min dollar təşkil edir. MotiveGrid modelin sahibolma xərclərini və güc qurğusunu xüsusi qeyd edir.

2. Honda CR-V. 33,15 min dollar dəyərində hibrid EX komplektasiyası 80 bal toplayıb. Platforma beş illik sahibolma xərclərini 40,85 min dollar qiymətləndirir.

3. Kia Sportage. SX benzin versiyası da 80 bal əldə edib. Onun qiyməti 34,39 min dollar, beş illik sahibolma xərci isə MotiveGrid-in hesablamasına görə 50,67 min dollardır. Platforma modelin gündəlik istifadədə rahatlığını üstün cəhətlərindən biri kimi qeyd edir, sürücü yardım sistemlərinin qiymətləndirilməsi isə daha aşağıdır.

4. Hyundai Tucson. 34,55 min dollar qiymətində olan SEL Convenience hibrid versiyası 79 bal toplayıb. Beş il ərzində təxmini xərclər 46,74 min dollar təşkil edir.

5. Hyundai IONIQ 5. İlk beşlikdə yeganə elektromobil olan SE Standard Range RWD versiyası 35 min dollar qiymətindədir və 78 bal toplayıb. MotiveGrid onun sürücü yardım sistemlərini və təhlükəsizliyini daha yüksək qiymətləndirib, beş illik sahibolma xərclərini isə 45,71 min dollar hesablayıb.

Qeyd edək ki, reytinqdə MSRP qiymətlərindən, həmçinin ABŞ-ın NHTSA və IIHS təşkilatlarının məlumatlarından istifadə olunub. Buna görə də göstərilən qiymətləri və sahibolma xərclərinə dair hesablamaları Azərbaycan avtomobil bazarına birbaşa tətbiq etmək olmaz.

Almaz Həsənli