Yaponiya əcnəbilər üçün daimi yaşayış icazəsinin rüsumunu 20 dəfə artırıb

Yaponiya əcnəbilər üçün daimi yaşayış icazəsinin rüsumunu 20 dəfə artırıb

13:16
Bəyəndim (2) Bəyənmədim (0)

Yaponiyada daimi yaşayış icazəsinin alınması üçün rüsum 20 dəfə artırılaraq 200 min yenə (2147 manat) çatdırılıb. Oxuməni.az BBC News-a istinadla xəbər verir ki, bundan əlavə, daimi yaşayış icazəsinin alınması üçün gəlir, pensiya və yapon dilini bilmək səviyyəsi ilə bağlı tələblər də dəyişdirilib.

BBC News qeyd edir ki, yeni tələblər qüvvəyə minməzdən əvvəl immiqrasiya xidmətlərinin ofisləri qarşısında saatlarla davam edən növbələr yaranıb. Əcnəbilər dəyişikliklər qüvvəyə minənədək sənədlərini rəsmiləşdirməyə çalışıblar.

Oktyabrın 1-dən müvəqqəti yaşayış icazəsinin alınması üçün rüsum da artırılıb. Əvvəlki qaydalara əsasən, əcnəbilər statusun dəyişdirilməsi və ya ölkədə qalma müddətinin uzadılması üçün sənəd təqdim edərkən 6 min yen (təxminən 64,4 manat) ödəyirdilər. İndi isə rüsum artırılıb və tələb olunan yaşayış icazəsinin müddətindən asılı olaraq müəyyən edilir. Üç ayadək müddətə yaşayış icazəsi üçün rüsum 10 min yendən (təxminən 107 manat) başlayır.

Yaponiya iyul ayında 1978-ci ildən bəri ilk dəfə viza rüsumlarını artırıb. Həmin vaxt rüsumlar beş dəfə yüksəldilib.

2025-ci ildə seçilmiş Yaponiyanın Baş naziri Sanae Takaiçi miqrasiya siyasətini hökumətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevirib.

Əhalinin qocalması səbəbindən Yaponiyanın xarici ölkələrdən işçi qüvvəsinə ehtiyacı var. 2025-ci ilin sonuna olan məlumata görə, təxminən 122 milyon nəfərin yaşadığı Yaponiyada 4 milyona yaxın əcnəbi olub.

Almaz Həsənli