71 yaşlı amerikalı ölüm kamerasında keçən 40 ildən sonra həbsxanadan azad edilib
Yuta ştatında 1985-ci ildə törədilmiş qətlə görə ölüm cəzasına məhkum edilmiş 71 yaşlı Duqlas Stüart Karter girov müqabilində azadlığa buraxılıb. Oxuməni.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. DNT analizi cinayət yerində tapılan nümunələrlə uyğunsuzluq göstərib. Karter 41 ilini ölüm kamerasında keçirib. O, qətldə iştirakını inkar edib və etiraf ifadəsini təzyiq altında imzaladığını bildirib.
Karter prokurorluğun onun üçün tələb etdiyi ölüm cəzasını geri götürməsindən sonra girov müqabilində azadlığa buraxılıb. Bu, sentyabrın 22-də alınan və 1985-ci ildə Yuta ştatının Provo şəhərinin polis rəisinin xalası Eva Olsenə (istintaqın məlumatına görə, ona həm də atəş açılıb) vurulan bıçağın sapında və qapı dəstəyində tapılan nümunələrlə uyğunsuzluq göstərən DNT analizindən sonra baş verib.
Karter 1985-ci ildə andlılar məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilmişdi. O, sonradan təzyiq altında imzaladığını iddia etdiyi etiraf ifadəsi və sonradan ifadələrindən imtina edən iki şahidin ifadələri əsasında təqsirli bilinmişdi. Karteri cinayət yeri ilə əlaqələndirən heç bir maddi sübut yox idi.
O, dörd onilliyi ölüm kamerasında hökmə etiraz etməyə çalışaraq keçirib. 2025-ci ildə Yuta ştatının Ali Məhkəməsi qırx il əvvəl müstəntiqlərin hərəkətlərini qanunsuz hesab edərək, qətlin yenidən araşdırılması barədə qərar çıxarıb. Xüsusilə, 1985-ci ildə Karterin əleyhinə ifadə verən və 2011-ci ildə Meksikada tapılan şahidlər polisin onları və oğullarını ABŞ-dan deportasiya ilə hədələyərək məhkəmədə yalan danışmağa məcbur etdiyini bildiriblər. Karter girov müqabilində azadlığa buraxılsa da, cinayətin istintaqı davam edəcəyi üçün ona qarşı irəli sürülən ittihamlar ləğv edilməyib. Qırx il əvvəl öldürülən qadının ailəsi onun azadlığa buraxılmasına etiraz edir və DNT uyğunsuzluğunun onun cinayət yerində olmadığını təmin etmədiyini düşünür.
Karterin vəkili Nil Hamilton müvəkkilinin hazırda psixoloji yardıma ehtiyacı olduğunu bildirib:
"Gəlin, sadəcə onu buraxaq. O, dövlətin hərəkətləri nəticəsində vurulan 41 illik travmadan sonra azadlığa çıxır və bunun onun üçün nəticələri tamamilə realdır".
Qətldə şübhəli bilinənlərdən biri də qurbanın 2009-cu ildə vəfat etmiş əri Orla Olsendir. Məhz o, arvadının cəsədinin tapılması barədə polisə məlumat vermişdi. Karterin vəkilləri iddia edirlər ki, müstəntiqlər məhz ona qarşı ittiham irəli sürməyə hazırlaşırdılar, lakin Provo şəhərinin polisi onlardan bunu etməməyi xahiş etdi. Daha sonra Karterə qarşı ittiham irəli sürüldü.
Almaz Həsənli
























































.jpg)



























