Kaliforniya Ramazan və Qurban bayramlarını rəsmi bayram kimi tanıdı

Kaliforniya Ramazan və Qurban bayramlarını rəsmi bayram kimi tanıdı

16:11
Bəyəndim (1) Bəyənmədim (0)

Kaliforniya qubernatoru Qevin Nyusom Ramazan və Qurban bayramlarını ştatın rəsmi bayramlar siyahısına daxil edən qanunu imzalayıb. AB 2017 saylı qanun 28 sentyabr 2026-cı il tarixində imzalanıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.

Kaliforniya Assambleyasının üzvü Mett Heyni tərəfindən hazırlanan sənəd hər iki müsəlman bayramını ştatın qanunvericiliyində təsbit edir. Bununla belə, onların rəsmi bayramlar təqviminə daxil edilməsi dövlət qurumlarının, məktəblərin, məhkəmələrin və ya özəl şirkətlərin avtomatik olaraq bağlanması demək deyil.

Qanuna əsasən, dövlət qurumlarının və məktəblərin əməkdaşları bayramları qeyd etmək üçün öz şəxsi məzuniyyət günlərindən və ya digər nəzərdə tutulmuş məzuniyyət növlərindən istifadə edə biləcəklər. Bundan əlavə, K-12 dövlət məktəbləri və ictimai kolleclər yerli razılaşmalar əsasında bayram günlərində bağlana bilər.

Ramazan bayramı müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının başa çatmasını qeyd edir. Qurban bayramı isə Zilhiccə ayına təsadüf edir və həcc ziyarəti, həmçinin İbrahim peyğəmbərin hekayəsi ilə bağlıdır.

Qanunvericilik təşəbbüsü 2026-cı ilin fevralında irəli sürülüb. Mart ayında Heyni bildirib ki, bayramların tanınması müsəlman şagird və işçilərin məktəbə getmək və ya işləmək ilə bayram tədbirlərində iştirak etmək arasında seçim etmək məcburiyyətində qalmadan öz dini ənənələrini yerinə yetirmələrini təmin etmək məqsədi daşıyır.

Qanun layihəsi avqustun sonunda Kaliforniya qanunvericilik orqanı tərəfindən yekun təsdiqini alıb və bundan sonra imzalanması üçün qubernatora göndərilib.

Beləliklə, Kaliforniya bu İslam bayramlarını öz təqvimində rəsmi şəkildə təsbit edən ABŞ-ın ikinci ştatı (Vaşinqtondan sonra) olub.

Almaz Həsənli