Windows əməliyyat sistemində reklamları həmişəlik söndürməyin yolu tapılıb

Windows əməliyyat sistemində reklamları həmişəlik söndürməyin yolu tapılıb

15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Windows 11 əməliyyat sistemində çoxsaylı reklamlara rast gəlmək mümkündür. Lakin onları əməliyyat sisteminin (ƏS) parametrləri vasitəsilə söndürmək olar. Oxuməni.az xəbər verir ki, bu barədə PCWorld nəşri məlumat yayıb.

Portalın mütəxəssisləri ilk növbədə “Başlat” (Start) menyusunda reklamların söndürülməsini tövsiyə ediblər. Bunun üçün əməliyyat sisteminin parametrlərində “Fərdiləşdirmə” (Personalization) bölməsinə daxil olmaq və “Başlat” (Start) altbölməsini seçmək lazımdır. Reklam bildirişlərini söndürmək üçün isə “Sistem” bölməsinə keçərək “Bildirişlər” altbölməsini açmaq və “Əlavə parametrlər” menyusunu seçmək tələb olunur.

Bundan əlavə, Windows-un parametrlərdə tövsiyə olunan reklamları göstərməsini də qadağan etmək mümkündür. Bu funksiya “Məxfilik və təhlükəsizlik” bölməsinin “Ümumi” altbölməsində yerləşir.

Məqalə müəllifləri “Fayl bələdçisi”ndə (File Explorer) reklamları həmişəlik söndürməyin üsulunu da təqdim ediblər. Bunun üçün proqramı açmaq, “Parametrlər” bölməsinə daxil olmaq, “Görünüş” (View) bölməsini seçmək və “Sinxronizasiya təminatçısının bildirişlərini göstər” (Show sync provider notifications) funksiyasını deaktiv etmək lazımdır.

Məqalədə qeyd olunur ki, “Microsoft”un əməliyyat sistemi iş masasındakı vidcetlərdə də reklamlar göstərə bilər. Bu reklamları hər bir vidcetin öz parametrlərində “Lentləri göstər və ya gizlət” (Show or hide feeds) bölməsində “Söndürülüb” (Off) seçimini etməklə deaktiv etmək mümkündür.

“Microsoft”dan başqa, üçüncü tərəflərin tətbiqləri də reklam göstərə bilər. Bu reklamları söndürmək üçün “Bildirişlər” bölməsinə daxil olmaq, tətbiqlərin siyahısını tapmaq və hər bir tətbiqin reklam göstərmək icazəsini ləğv etmək lazımdır.

Sonda mütəxəssislər gələcəkdə fərdiləşdirilmiş reklamların göstərilməsi üçün əməliyyat sisteminin şəxsi məlumatları toplamasının da qadağan edilməsini tövsiyə ediblər. Bu parametr “Fərdiləşdirmə” bölməsinin “Cihazdan istifadə” (Device usage) altbölməsində yerləşir. Burada müvafiq parametrlərin hamısını deaktiv etmək lazımdır.

Almaz Həsənli